Əliyev-Meloni danışıqları zamanı Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu da əsas müzakirə mövzularından biri olub

Avropadakı əsas strateji müttəfiqimizin – İtaliya Respublikasının Baş naziri Corcia Meloni Bakıdadır. Xanım Meloni qlobal siyasi proseslərdə öz müstəqil mövqeyi olan kifayət qədər xarizmatik liderdir. Meloninin ölkəmizə səfər etməsi İtaliya Prezidenti Sercio Mattarellanın 30 sentyabr 2025-ci il tarixində Azərbaycana gerçəkləşən rəsmi səfərinin məntiqi davamı kimi qəbul olunur. Bu səfər Azərbaycan və İtaliya arasında yüksək səviyyəli diplomatik əlaqələrin davamı kimi xarakterizə olunur.

C.Meloninin Bakıya səfərinin Azərbaycan-İtaliya münasibətlərinin inkişafı üçün nə kimi əhəmiyyəti var sualına gəldikdə isə onu deyə bilərik ki, İtaliya Nazirlər Şurasının sədrinin 4 may 2026-cı il tarixində Bakıya rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq baxımından həqiqətən də müstəsna əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən görüşlər və verilən bəyanatlar münasibətlərin gələcək inkişafı üçün yeni perspektivlər açır. Prezident İlham Əliyev də italyan Baş nazirlə görüşdən sonra mətbuata bəyanatında bir daha vurğuladı ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlardır.

“Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir”, – deyə dövlətimizin başçısı vurğuladı. Corcia Meloni isə Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirdi ki, Azərbaycan-İtaliya dostluq münasibətləri bundan sonra daha da yüksələcək. Sözügedən bəyanatlar fonunda Azərbaycan-İtaliya dostluq və müttəfiqlik münasibətləri Avropanın digər dövlətləri üçün, xüsusən də erməni lobbisinin təsirindən hələ də qurtula bilməyən Makron Fransası üçün də çox yaxşı nümunə ola bilər.

Səfərin əsas əhəmiyyətli məqamları həm iki ölkə arasında siyasi dialoqun və strateji enerji tərəfdaşlığının daha da gücləndirilməsi, həm də iqtisadi və ticari əlaqələrin genişləndirilməsi perspektivlərini əhatə edir. Belə ki, İlham Əliyev ilə Corcia Meloni arasında keçirilən təkbətək və geniştərkibli görüşlər tərəflər arasındakı yüksək səviyyəli siyasi etimadı bir daha təsdiqlədi. Eyni zamanda, İtaliya Azərbaycan qazının Avropaya nəqlində əsas qapı rolunu bundan sonra da eyni məsuliyyət və sadiqliklə davam etdirəcək. Azərbaycan da İtaliyanın əsas enerji tədarükçüsü olaraq qalır. Əliyev-Meloni danışıqları zamanı həmçinin Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə tədarükün genişləndirilməsi və Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu da əsas müzakirə mövzularından biri olub. Xatırladaq ki, TAP layihəsi vasitəsilə Azərbaycan qazı İtaliyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Bildiyimiz kimi İtaliya uzun illərdir dünya üzrə Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı kimi tanınır. Belə bir yüksək tərəfdaşlıq münasibətləri fonunda C.Meloninin səfəri iki ölkə arasında ticarət dövriyyəsinin əhatə dairəsinin daha da genişlənməsinə və şaxələndirilməsinə, eləcə də qeyri-neft sektoru, o cümlədən sənaye, müdafiə və aviasiya sahələrində əməkdaşlığın dərinləşməsinə xidmət edir. Bütün bunlar onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri müasir beynəlxalq münasibətlər sistemində həqiqətən də strateji tərəfdaşlığın ən uğurlu nümunəvi modellərindən biridir. Bu kontekstdə Prezident İlham Əliyev də haqlı olaraq qeyd etdi ki, belə bir tərəfdaşlıq təcrübəsi coğrafi baxımdan bir-birindən uzaqda yerləşən ölkələr arasında münasibətlərin qurulması üçün yaxşı nümunə ola bilər. Beləliklə, Meloninin bu səfəri İtaliyanın Cənubi Qafqaz strategiyasında Azərbaycanla dostluq və əməkdaşlığı strateji prioritet kimi gördüyünü bir daha nümayiş etdirir.

Onu da qeyd etməliyik ki, iki ölkə arasında 2015-ci ildə imzalanmış ilk strateji tərəfdaşlıq sənədi, bunun ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə və nəhayət, 2020-ci ildə imzalanmış “Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” Roma ilə Bakı arasında əlaqələrin ən yüksək səviyyəsini və gələcək “yol xəritəsi”ni müəyyən edir. Lakin Azərbaycan-İtaliya münasibətləri təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bunu da unutmamalıyıq ki, torpaqlarımızın 30 ilə yaxın davam edən işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən prinsipial mövqe nümayiş etdirib. Bu gün isə İtaliya tərəfi postmüharibə dönəmində Azərbaycan-Avropa İttifaqı dialoquna sıx dəstək verən bir ölkə kimi tanınır. Bir sözlə, Azərbaycan və İtaliyanın dostluğu zamanın sınaqlarından uğurla çıxıb.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »