Tokayev Şoyqu ilə əməkdaşlıq və regional təhlükəsizliyi müzakirə edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşüb.

“Report”un Qazaxıstan bürosu Akordaya istinadən xəbər verir ki, danışıqlar zamanı tərəflər ikitərəfli əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Tokayev qeyd edib ki, Şoyqunun səfəri Qazaxıstan və Rusiya arasında tərəfdaşlığın dərinləşməsi üçün böyük əhəmiyyət kəsb edir.

“Əməkdaşlığımız yüksələn xətlə inkişaf edir. Biz 171 layihə üzrə razılaşma əldə etmişik, 50-dən çox layihənin icrası artıq başa çatmaq üzrədir. Rusiya Qazaxıstan iqtisadiyyatının əsas investorlarından biridir. Ölkələrimizin hüquq-mühafizə orqanları və müdafiə idarələri arasında əməkdaşlıq da uğurla inkişaf edir”, – Qazaxıstan Prezidenti vurğulayıb.

Şoyqu öz növbəsində Rusiya ilə Qazaxıstan arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu və birgə layihələrin miqyasını qeyd edib.

“Əlbəttə, bizim qarşılıqlı fəaliyyətimiz yalnız ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Biz Şanxay Əməkdaşlıq Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Avrasiya İqtisadi İttifaqı çərçivəsində fəal əməkdaşlıq edirik”, – o vurğulayıb.

Tərəflər həmçinin təhlükəsizlik sahəsində əməkdaşlığın səmərəliliyinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Comments are closed.

Tərcümə »