Daşkənd merinin qərarı – dövlət qulluqçuları milli geyimdə olsunlar

Yanvarın 21-də Daşkənd şəhərinin meri Şavkat Umurzakov paytaxtda milli adət-ənənələrin təbliği ilə bağlı əlavə tədbirlər haqqında qərar imzalayıb.

Musavat.com Gazeta.uz-a istinadla xəbər verir ki, sənədə əsasən, bu məqsədlə Daşkənd şəhəri hakiminin müavini Şahnoza Sultanovanın rəhbərliyi ilə işçi qrup yaradılıb və “Milli Daşkənd” layihəsinin həyata keçirilməsi üzrə tədbirlər planı təsdiq edilib.

Daşkənddəki dövlət qurumları, idarə və təşkilatları hər cümə günü “Milli Geyim Günü”nü qeyd edəcəklər. Şəhər və rayon icra hakimiyyətlərinin, habelə idarə, təşkilat və digər dövlət qurumu və müəssisələrinin əməkdaşlarına iş günlərində (təsdiq olunmuş xidməti geyim forması istisna olmaqla) milli geyimdə olmaları tövsiyə olunur.

Bundan əlavə, bütün kütləvi tədbirlərin (bayramlar, festivallar, sərgilər, idman yarışları, konsertlər və digər tədbirlər) milli üslubda bəzədilməsi, onların iştirakçılarına milli geyim geyindirilməsi nəzərdə tutulur.

Belə tədbirlərdə milli geyimin ən yaxşı nümunələrinin nümayişi təşkil olunacaq, milli oyunlar, rəqslər və mahnılarla müsabiqələr keçiriləcək, qaliblərə hədiyyələr və diplomlar təqdim olunacaq.

Turistlərin milli mədəniyyətlə tanış olması, milli geyimdə fotoşəkil çəkdirməsi üçün şərait yaradılacaq. Turist marşrutlarına milli dizaynlı obyektlər daxil olacaq, otellər və restoranlar sərgilər və müsabiqələr təşkil edəcəklər.

Qərar milli kimliyin təbliği məqsədini daşıyır.

Comments are closed.

Tərcümə »