Gürcüstanın xarici borcu 25 milyard dolları keçdi

Gürcüstanın ümumi xarici borcu 2024-cü ilin oktyabr ayının əvvəlinə 25,31 milyard dollar təşkil edib.

Musavat.com Gürcüstan Milli Bankının hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin sonunda bu göstərici 24,49 milyard dollar idi. Bu isə o deməkdir ki, ötən ilin yanvar-sentyabr aylarında ölkənin xarici borcu 3,3 faiz, o cümlədən üçüncü rübdə 3 faiz artıb.

Ümumi strukturda dövlət borcu 2,1 faiz (üçüncü rübdə 4,5 faiz artım hesabına) artaraq 8,84 milyard dollar təşkil edib. Milli Bankın borcu 862 milyon dollar (ilin əvvəlindən 1,4 faiz azlalma, üçüncü rübdə – artım 3,1 faiz), kommersiya bankları – 7,87 milyard dollar (9 ayda artım 8,4 faiz, o cümlədən üçüncü rübdə 3,9 faiz).

Qeyri-maliyyə sektorunun xarici borcu 9 ay ərzində 7 faiz (üçüncü rübdə 5,9 faiz daxil olmaqla) artaraq 5 milyard dollara yüksəlib. Xarici borcun tərkibinə daxil olan şirkətdaxili kreditləşmənin həcmi hesabat tarixinə 2,74 milyard dollar (azalma 9,3 faiz) təşkil edib.

Gürcüstanın ümumi xarici borcu 2022-ci ildə 7,8 faiz artdıqdan sonra 2023-cü ildə 2,2 faiz artıb.

Comments are closed.

Tərcümə »