Klassik Azərbaycan mətbuatının 21-ci yüzildə Zəfər mediasına çevrilməsi tarixi prosesin məntiqi nəticəsidir

Bu gün Azərbaycanımız üçün önəmli çox günlərdən biridir. Milli mətbuatımızın yaranmasının növbəti ildönümüdür. Düz 151 il öncə – 1875-ci il iyulun 22-də fədakar maarifçimiz Həsən bəy Zərdabinin təşəbbüsü ilə “Əkinçi” qəzeti nəşrə başlayıb. Bununla da Azərbaycan milli mətbuatının əsası qoyulub. Cəmi 56 sayı nəşr olunan bu qəzet sözün həqiqi mənasında xalqımızın bələdçisinə çevrilib, müasirləşmə yolumuza işıq tutub, gələcək Azərbaycan jurnalistikasının bayraqdarı adını qazanıb.

“Əkinçi” adı sözsüz ki, rəmzi məna, ikili anlam daşıyırdı. Maarifçilik toxumlarının əkinçiliyi “Əkinçi”nin əsas missiyası idi. Məşhur ifadə ilə desək, “Əkinçi” ilə yola çıxan Azərbaycan mediası bütün tarixi boyunca mübarizə mediası olub. Haqq uğrunda mübarizə aparmaq, döyüşmək, millətimizin yolunu aydınlatmaq milli mətbuatımızın alnına yazılıb. Bu mənada, “Əkinçi” əsl mübarizə silahı idi. Onun missiyası maarifləndirmək idi. Maarifçilik isə ilk növbədə cəhalətlə, imperiya siyasəti ilə mübarizə demək idi. Lakin son 30-35 ildə və xüsusən də 44 günlük Vətən müharibəsi dönəmində isə Azərbaycan mediasının əkinçilik mərhələsi bitdi, işğalçılara qarşı mübarizə mərhələsi, Zəfər dövrü başladı. Milli mətbuatımız öz tarixi inkişaf yolunun Zəfər missiyasını yerinə yetirməyə başladı.

Necə oldu ki,üasir mətbuatımız Zəfər mediasına çevrildi? Azərbaycan mətbuatının bir sıra nümayəndələrinin qələmi, klaviaturanı real silahla əvəz edib 44 günlük müharibəyə qatılması, ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşməsi nəyin göstəricisi idi? 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycanın döyüş meydanında olduğu kimi, informasiya savaşında da qələbə qazanmasında Prezident İlham Əliyevin rolu nədən ibarətdir? Göründüyü kimi bu suallar çoxqatlıdır və həm tarixi, həm də siyasi-informativ baxımdan müfəssəl cavab tələb edir. Ancaq qısa xülasə ilə desək, kökü 19-cu yüzilin ortalarına gedib çıxan Azərbaycan mətbuatının bizim dövrümüzdə Zəfər mediasına çevrilməsi təkcə bir dövrün deyil, uzun illər formalaşan milli şüurun, dövlətçilik xəttinin və informasiya mübarizəsinin nəticəsidir. “Əkinçi” ilə başlanan maarifçilik missiyası zamanla milli özünüdərk, sonra isə dövlət maraqlarını müdafiə edən peşəkar informasiya cəbhəsinə çevrildi. Xüsusilə 44 günlük Vətən müharibəsi bu transformasiyanı açıq şəkildə göstərdi.

“Əkinçi”dən Zəfər mediasına gedən yola nəzər salsaq görərik ki, “Əkinçi”nin tarixi rolu yalnız qəzet kimi nəşr edilməkdən ibarət deyildi. Həsən bəy Zərdabi milli mətbuatı çar Rusiyasının qəsdən cəhalətə, geriçiliyə məhkum etdiyi xalqımızı oyatmaq, savadlandırmaq, cəmiyyəti gerilikdən çıxarmaq üçün yaratmışdı. Yəni mətbuatın ilkin missiyası maarifçilik idi. Bu, o dövr üçün həm mədəni, həm də siyasi müqavimət forması idi. Çünki savadlı cəmiyyət həm imperiya təzyiqinə, həm də cəhalətə qarşı mübarizədə daha qətiyyətli olacaqdı. Sonrakı mərhələlərdə isə Azərbaycan mətbuatı təkcə məlumat verən institut deyil, həm də milli ideyanın, müstəqillik hədəfimizin daşıyıcısına çevrildi. Müstəqillik dövründə isə bu missiya daha da genişləndi: dövlətçilik, milli təhlükəsizlik, informasiya suverenliyi və ictimai həmrəylik məsələləri medianın əsas mövzularına çevrildi. 44 günlük müharibə zamanı bu xətt kulminasiya nöqtəsinə çatdı.

Müasir mətbuatımızın Zəfər mediasına çevrilməsinin, belə bir köklü dəyişimin əsas səbəbi ondan ibarətdir ki, müasir Azərbaycan mediası artıq yalnız xəbər ötürən deyil, həm də informasiya savaşında fəal iştirak edən bir qüvvədir. Müharibə dövründə informasiya cəbhəsi hərbi cəbhə qədər vacib idi. Ermənistan tərəfinin dezinformasiya, saxta xəbərlər və manipulyasiya cəhdlərinə qarşı Azərbaycan mediası operativ, koordinasiyalı və dövlət mövqeyinə uyğun fəaliyyət göstərdi. Müharibə günlərində media qurumları, dövlət strukturları və rəsmi informasiya kanalları arasında əlaqə, koordinasiya və operativlik gücləndi. Cəbhədən gələn xəbərlərin dəqiqliyinin təsdiqlənməsi, yalan məlumatların təkzibi və ictimaiyyətin düzgün yönləndirilməsi prioritet oldu. Eyni zamanda, mətbuat həmin günlərdə milli birlik və həmrəylik ruporuna çevrildi. Media yalnız xəbər yaymadı, həm də cəmiyyətdə ruh yüksəkliyi, birlik və qələbəyə inamı formalaşdırdı.

Eləcə də peşəkar jurnalist mövqeyi ilə vətəndaş mövqeyinin uzlaşmasını da müharibə günlərində əyani gördük. Belə ki, bir sıra jurnalistlərimiz informasiya müharibəsinin iştirakçısı olmaqla yanaşı, həm də qələmdən silaha keçdilər. Bu nəyi göstərirdi? Azərbaycan mətbuatının bəzi nümayəndələrinin qələmi, klaviaturanı real silahla əvəz edib döyüşə qatılması çox güclü simvolik məna daşıyırdı. Bu, sadəcə fərdi qəhrəmanlıq deyil, həm də jurnalistin vətəndaş məsuliyyətinin ən yüksək forması idi. Bu hadisə göstərdi ki, milli mətbuat yalnız hadisələri yazan, çəkib göstərən vasitə deyil, lazım gəldikdə dövlətin və xalqın yanında mənəvi və fiziki olaraq da dayanan çox güclü bir qüvvədir. Bu, həm də onu göstərirdi ki, jurnalistlər üçün vətən anlayışı abstrakt deyil, informasiya işi ilə dövlətçilik anlayışı arasında birbaşa əlaqə var, milli təhlükə zamanı peşə etikası ilə vətəndaş borcu bir-birini tamamlayır. Beləliklə, bu addım Azərbaycan mediasının mübarizə mediası olmaqdan çıxıb fədakarlıq mediasına, döyüş mediasına çevrildiyini açıq şəkildə nümayiş etdirdi.

Bəs, Prezident İlham Əliyevin rolu nədən ibarət idi? 44 günlük Vətən müharibəsində Azərbaycanın həm döyüş meydanında, həm də informasiya savaşında qələbə qazanmasında Prezident İlham Əliyevin rolu müstəsna, həlledici idi. Bu rol bir neçə istiqamətdə özünü göstərdi. İlk növbədə dəqiq və ardıcıl informasiya siyasətini qeyd etməliyik. Prezidentin müharibə dövründə beynəlxalq media orqanlarına verdiyi müsahibələr, çıxışlar və bəyanatlar Azərbaycanın mövqeyini dünyaya operativ çatdırmaq baxımından çox önəmli idi. O, təkcə ölkə daxilində deyil, qlobal informasiya məkanında da Azərbaycanın haqlı mövqeyini uğurla müdafiə etdi. Bu isə işğalçı Ermənistanın və onun havadarlarının yaratmağa çalışdığı saxta narrativləri ciddi şəkildə zəiflətdi.

Beynəlxalq legitimlik mübarizəsi amilini də ayrıca olaraq qeyd etməliyik. Dövlətin informasiya cəbhəsinə müvəffəqiyətlə rəhbərlik
edən İlham Əliyev müharibəni təkcə hərbi əməliyyat kimi deyil, beynəlxalq hüquq və ədalət məsələsi kimi təqdim etdi. O, Azərbaycanın ərazi bütövlüyü, BMT qətnamələri və işğal faktı üzərində qurulan arqumentlərlə dünya ictimaiyyətinə müraciət etdi. Bu, informasiya savaşında çox vacib idi, çünki qələbə yalnız cəbhədə deyil, həm də beynəlxalq rəy müstəvisində qazanılırdı. Buna paralel olaraq, ölkə daxilində milli ruhun yüksəldilməsi də olduqca önəmli idi. Müharibə dövründə liderin mövqeyi təkcə siyasi deyil, psixoloji baxımdan da həlledici olur. Bu baxımdan, Prezidentin çıxışları cəmiyyətə güvən, qətiyyət və qələbə inamı verdi. İlham Əliyevin sərt, aydın və prinsipial mövqeyi həm orduda, həm də xalq arasında böyük ruh yüksəkliyi yaratdı.

Bütün bunların yekununda onu deyə bilərik ki, klassik Azərbaycan mətbuatının 21-ci yüzildə Zəfər mediasına çevrilməsi tarixi prosesin məntiqi nəticəsidir. “Əkinçi” ilə başlanan maarifçilik yolu bu gün informasiya suverenliyini qoruyan, dövlətin yanında dayanan, milli maraqları müdafiə edən peşəkar media modelinə çevrilib. 44 günlük Vətən müharibəsi isə bu modelin ən parlaq sınağı oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə həm döyüş meydanında, həm də informasiya savaşında üstünlük qazanan Azərbaycan bu gün gələcəyə doğru inamla irəliləyir. Zəfər mediası hər zaman dövlətimizin və millətimizin yanında olacaq!

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »