Bu gün Azərbaycan–İran münasibətləri həm siyasi iradədən, həm də Tehrandakı daxili güc balansından asılıdır

Bu gün Azərbaycan öz cənub qonşusuna münasibətdə düzgün kurs seçib

Avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin bir çox ölkələrin liderləri ilə görüşləri, təmasları arasında İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşü ən yaddaqalan görüşlərdən biri kimi xüsusilə diqqət çəkdi. Məsud Pezeşkian bu görüş əsnasında dövlətimizin başçısı ilə öncəki görüşlərini və telefon danışıqlarını məmnunluqla xatırladı, İranın üzləşdiyi çətin vəziyyətdə Prezident İlham Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, verdiyi başsağlığının, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğuladı, bütün bunlara görə bir daha minnətdarlığını bildirdi.

O, həmçinin əlaqələrimizin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu və Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edərək, ölkələrimiz arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığını vurğuladı. Prezident İlham Əliyev də öz növbəsində İranın üzləşdiyi bu kritik şəraitdə Azərbaycanın yardımını qardaşlıq nümunəsi kimi dəyərləndirərək, Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə malik olduğunu bildirdi. Dövlətimizin başçısı bir daha diqqətə çatdırdı ki, biz regionda dialoqa və mehriban qonşuluq siyasətinə üstünlük veririk.

Ümumiyyətlə, hər iki liderin açıqlamalarından gəlinən ümumi nəticə budur ki, bu gün əlaqələrimizi yeni səviyyəyə qaldırmaq və mühüm sazişlər imzalamaq üçün tamamilə əlverişli zəmin yaranıb. Yeri gəlmişkən, Məsud Pezeşkian əvvəllər də bir sıra çıxışlarında Azərbaycanla əlaqələri yaxşılaşdırmağın və gücləndirməyin vacib olduğunu dəfələrlə bəyan edib. Lakin hazırkı İran hakimiyyətinin SEPAH xəttinin yürütdüyü qeyri-konstruktiv siyasət İran-Azərbaycan əlaqələrinin genişləndirilməsi sahəsində hələ ki ciddi nəticələr əldə etməyə zəmin yaratmır. Bu isə heç şübhəsiz ki, ümumən, regional əməkdaşlıq proseslərinə öz mənfi təsirini göstərir. Ancaq rəsmi Bakı öz siyasətini emosional notlar, subyektiv amillər üzərində yox, dinc qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf etdirmək kursuna sadiq qalır.

Bəs, bu kurs müsbət nəticə verirmi? İlham Əliyev Pezeşkiana dəstəyini davam etdirməklə Azərbaycan-İran münasibətlərini tam konstruktiv müstəviyə keçirməyə və qeyri-sabit qonşuluq dinamikasını möhkəm dostluq və əməkdaşlıq istiqamətinə yönəltməyə müvəffəq ola biləcəkmi? Bəli, bu xətt prinsipcə müsbət nəticə verə bilər, amma nəticənin miqyası əsasən siyasi iradənin institusional addımlara çevrilməsindən asılı olacaq. İlham Əliyevin Pezeşkiana qarşı davamlı, sakit və konstruktiv ton saxlaması bir neçə vacib üstünlük yaradır. Belə ki, bu, ilk növbədə etimad mühitini qoruyub saxlamağa imkan verir. İkinci olaraq, gərginlikdən daha çox əməkdaşlıq gündəmini önə çıxarır. Üçüncüsü isə, regionda dialoq xəttini gücləndirir. Bu baxımdan, Bakı emosional reaksiyadan yox, uzunmüddətli maraqlardan çıxış etdiyini nümayiş etdirir.

Bu gün İran-Azərbaycan münasibətlərində ən real ssenari sərhəd təhlükəsizliyi, iqtisadi əlaqələr, nəqliyyat, enerji, humanitar və diplomatik kanallar üzrə əməkdaşlığın tədricən genişləndirilmməsidir. Yəni ki, tərəflər böyük strateji etimadı dərhal bərpa etməsələr də, bu istiqamətlər üzrə riskləri azaldan və qarşılıqlı faydanı artıran praktiki addımları davam etdirə bilərlər. Bu mənada, bəli, İlham Əliyev Pezeşkiana dəstək xəttini davam etdirməklə münasibətləri daha konstruktiv müstəviyə yönəldə və müsbət nəticələrə nail ola bilər. Amma bunu tam və sabit transformasiyaya çevirmək təkcə Bakının iradəsindən deyil, Tehrandakı real güc balansının da dəyişməsindən asılıdır. Əgər İranın praqmatik siyasi qanadı üstünlük qazanarsa, bu xəttin sözsüz ki, yaxşı nəticələri ola bilər.

Qısaca desək, bu gün Azərbaycan öz cənub qonşusuna münasibətdə düzgün kurs seçib və bu kurs həqiqətən də irəlidə çox ciddi müsbət nəticələr verə bilər. İran tərəfi isə təkcə dostluq bəyanatları ilə deyil, ardıcıl institutlaşmış addımlarla mehriban qonşuluq mövqeyini təsdiqləməlidir. Bu baxımdan, bu gün ən real ehtimal odur ki, qarşıdakı aylarda Bakı-Tehran münasibətləri tam etimad mərhələsinə yox, əvvəlcə daha sabit və idarəolunan əməkdaşlıq mərhələsinə keçəcək. Bu isə hər iki tərəfin maraqlarına uyğundur.

Molla rejimi Pezeşkianın xəttinə üstünlük verməklə həm Azərbaycanla, həm də digər ölkələrlə münasibətləri normal məcraya sala bilər. Görünən budur ki, bu gün Azərbaycan–İran münasibətləri həm siyasi iradədən, həm də Tehrandakı daxili güc balansından asılıdır. Ən önəmlisi odur ki, Bakı hazırda münasibətləri gərginlikdən uzaq, idarəolunan və qarşılıqlı fayda verən bir xəttdə saxlamağa çalışır. Bu yanaşma uzun müddətdə ən dayanıqlı model kimi görünür.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »