Prezident İlham Əliyev müraciətində minalarla bağlı statistikanı bir daha xatırlatmaqla dünya birliyinə faciə və təhlükənin miqyasını göstərdi

 

Bu, çox maraqlı və həm də günümüz üçün olduqca aktual mövzudur. Prezident İlham Əliyevin bu mövzunu gündəmə gətirməsi də əsla təsadüfi deyil. Belə ki, dövlətimizin başçısı “Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi” mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, bu gün mina problemi daha güclü beynəlxalq həmrəylik tələb edir. Hazırda Azərbaycan həm humanitar minatəmizləmənin, həm də azad edilmiş ərazilərdə ümumi yenidənqurma və bərpa prosesinin əsas yükünü öz milli resursları hesabına həyata keçirir.

Eyni zamanda, İlham Əliyev vurğulayıb ki, “ancaq çirklənmənin miqyası, yenidənqurmanın təxirəsalınmazlığı və təhlükəsiz qayıdışın humanitar əhəmiyyəti beynəlxalq ictimaiyyətdən daha geniş və daha praktik dəstək tələb edir. Proqnozlaşdırılabilən maliyyələşmə, müasir avadanlıq, texniki bilik, təlim, texnologiyaların transferi və uzunmüddətli tərəfdaşlıqlar minatəmizləməni sürətləndirmək və minaların yaratdığı çətinliklərin azaldılması baxımından vacibdir”.

Bəs, bütün bunların fonunda həmrəylik faktoru nə üçün vacibdir? Həmrəylik burada ona görə vacibdir ki, minatəmizləmə təkcə bir ölkənin daxili texniki problemi deyil, insani təhlükəsizlik, iqtisadi bərpa və regional sabitlik məsələsidir. Mina ilə çirklənmiş ərazilərin təmizlənməsi çox vaxt uzun illər, böyük maliyyə, yüksək ixtisaslı kadrlar və müasir texnologiya tələb edir. Bu yükü yalnız milli resurslarla daşımaq isə prosesi ləngidir və insanların təhlükəsiz qayıdışını gecikdirir. Ona görə də beynəlxalq həmrəylik burada sadəcə siyasi jest yox, praktik yardım mexanizmi kimi önə çıxır.

Bu həmrəylik xüsusilə ona görə önəmlidir ki, mina problemi yalnız keçmiş münaqişənin nəticəsi deyil, həmçinin indiki və gələcək həyatlara da birbaşa təsir edən humanitar təhlükədir. Minalar mülki əhalinin həyatını, kənd təsərrüfatını, infrastrukturun bərpasını və məcburi köçkünlərin doğma yurdlarına dönməsini çətinləşdirir. Yəni təmizləmə işləri yalnız torpağı yox, həm də insanların etimadını, təhlükəsizlik hissini və normal həyata qayıdış imkanını bərpa edir.

Digər vacib məqam budur ki, həmrəylik olmadan minatəmizləmə işləri çox vaxt parçalanmış, qeyri-sabit və qeyri-kafi olur. Halbuki Prezidentin vurğuladığı kimi, bu sahədə proqnozlaşdırıla bilən maliyyələşmə, texniki bilik, təlim, avadanlıq və texnologiya transferi lazımdır. Bunlar yalnız bir neçə qrantla həll edilmir. Burada uzunmüddətli tərəfdaşlıq tələb olunur. Beynəlxalq dəstək həm əməliyyatların sürətini artırır, həm də riskləri azaldır.

Siyasi baxımdan isə həmrəylik ondan ötrü vacibdir ki, mina problemi beynəlxalq gündəmdə kifayət qədər davamlı diqqət tələb edir. Əgər bu mövzu gündəmdən düşərsə, yardım azalır, təhlükə isə qalır. Buna görə beynəlxalq ictimaiyyətin mövqeyi təkcə “dəstək veririk” deməklə məhdudlaşmamalı, real resurs və davamlı əməkdaşlıq şəklində özünü göstərməlidir.

Ümumən götürsək, həmrəylik minatəmizləmədə iki səbəbdən həlledicidir: Birincisi, insan həyatı üçün, bərpa və inkişaf üçün. Çünki təhlükəsiz qayıdış və yaşayış mühiti yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın təhlükəsiz yaşamının təmin edilməsi olduqca vacibdir. Minatəmizləmə işində beynəlxalq həmrəylik iqtisadi və infrastruktur dirçəlişinin sürətlənməsinə kömək edə bilər. İkinci səbəb kimi isə bu həmrəylik ədalətli məsuliyyət bölgüsü üçün vacibdir. Çünki bu cür böyük humanitar yükü tək bir ölkənin üzərinə buraxmaq olmaz. Ona görə də bir zamanlar işğalçı Ermənistanın ərazilərimizi minalamasına göz yuman beynəlxalq ictimaiyyət, heç olmasa, indiki postmüharibə və sülh dönəmində bu məsələyə vicdanla yanaşmalı və Azərbaycana kömək etməlidir.

Dünya birliyi bilməlidir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü başlayandan bəri ilkin hesablamalara görə, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və partlamamış sursatların təsirinə məruz qalıb, 3 500-dən çox vətəndaşımız minalardan zərər çəkib. Onların arasında uşaqlar, qadınlar və digər mülki şəxslər də var ki, bu gizli təhlükə onların həyatına faciəvi təsir edib. İkinci Qarabağ müharibəsinin bitdiyi 2020-ci ildən indiyədək mülki şəxslər, hərbçilər, minaaxtaranlar, jurnalistlər və yenidənqurma işlərində iştirak edən şəxslər də daxil olmaqla, 437 Azərbaycan vətəndaşı mina və partlayıcı sursat hadisələrinin qurbanı olub, nəticədə 73 nəfər həyatını itirib, 364 nəfər ağır yaralanıb. Prezident İlham Əliyev sözügedən müraciətində minalarla bağlı statistikanı bir daha xatırlatmaqla dünya birliyinə faciə və təhlükənin miqyasını göstərdi.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri 

Comments are closed.

Tərcümə »