Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxı 1936-cı il Berlin Olimpiadasının təşkilatçısı Karl Dimin “varisi” adlandırıb.
İctimai Rəy xəbər verir ki, Medvedev “X” hesabında bunları yazıb:
“Baxın sözlərinə görə, əgər idman hər bir münaqişədə arbitr rolunu alırsa, bu, beynəlxalq idmanın sonu olacaq. Məhz buna görə də o, siyasi cəhətdən neytral olmalıdır. Lakin bundan əvvəl o, məlum siyasi səbəblərə görə rusların beynəlxalq yarışlara buraxılmamasını tövsiyə edib. Nə müdrik, səmimi insandır! Beynəlxalq idmanın bu böyük dostu özünü 1936-cı il Berlin Olimpiadasının təşkilatçısı Karl Dimin əsl varisi kimi göstərdi. İdmançılarımız bunu heç vaxt unutmayacaqlar”.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) hələ ki, 2024-cü il Oyunları üçün Rusiya yığmasına rəsmi dəvət göndərməyib. Eyni zamanda, BOK Rusiya və Belarus idmançılarına neytral statusda yarışmağa icazə verilməsini tövsiyə edib.
Olimpiada iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.