Azərbaycançılıq bölgəçilikdən böyükdür: Hədəf milli birliyimizdir

Biz azərbaycanlılar tarixin ayrı-ayrı dönəmlərində bölgəçilikdən, regionpərəstlikdən, yerlibazlıqdan çox əziyyət çəkmişik, xanlıqlara, bəyliklərə, mahallara və hətta məhəllələrə belə bölünmüşük. Daha doğrusu, bölüblər. Bu “kart”dan bu gün də bizə qarşı – Azərbaycan dövlətçiliyinə qarşı, milli birliyimizə qarşı xaincəsinə istifadə edirlər. Borçalı ilə bağlı baş verən proseslərə də ilk növbədə bu kontekstdən yanaşmaq lazımdır.
İranın fars-molla rejimi Azərbaycançılıq ideyasını öz varlığı üçün, dırnaqarası “İslam” Cümhuriyyətinin mövcudluğu üçün potensial təhlükə mənbəyi hesab etdiyinə görə istər Borçalıda (Gürcüstanın hazırkı Kvemo-Kartli, Marneuli bölgəsi), istərsə də Türkiyədə (Qars, İqdır), Rusiyada (Dərbənd) kompakt şəkildə yaşayan Azərbaycan türkləri arasında milli kimliyin və özünüdərkin əvəzinə dini təəssübkeşliyi, məzhəbçiliyi və bölgəçiliyi yayğınlaşdırmağa çalışır. Və açığını deyək ki, fars-molla rejimi Borçalıda bu mənhus planını bir xeyli dərəcədə həyata keçirməyə nail ola bilib. Məhz bunun nəticəsidir ki, son günlər sosial şəbəkələrdə “biz azərbaycanlı deyilik, Azərbaycanın bizə aidiyyatı yoxdur, biz Qarapapaq camaatıyıq, Gürcüstan dövlətinin vətəndaşıyıq” səpkisində rəy yazanların, iranpərəstliyi azərbaycançılığa qarşı qoyanların sayı getdikcə artmaqdadır.
Politoloq Mübariz Əhmədoğlunun borçalıların ünvanına məlum yanlış ifadəsinin yaratdığı ajiotajı süni surətdə gündəmdə saxlayaraq Borçalıdakı soydaşlarımızı Azərbaycan dövləti ilə üz-üzə qoymağa çalışan qüvvələr də şübhəsiz ki, məhz İrandan koordinasiya olunur. Beləliklə, İran hal-hazırda üç müstəvidə Azərbaycana qarşı fəal təxribat işi aparır: bir tərəfdən Gürcüstan azərbaycanlıları arasında (xüsusən də Borçalı camaatında) anti-Azərbaycan əhval-ruhiyyəsini gücləndirməyə çalışır, digər tərəfdən İrəvandakı Göy məscidimizlə bağlı tarixi həqiqətləri təhrif edir və onu “erməni-İran ortaq mədəniyyətinin bir parçası” kimi təqdim edir, üçüncü tərəfdən isə Zəngəzur dəhlizinin (TRIPP layihəsi) icrasına başlanılmasına qarşı sərt bəyanatlarla çıxış edir. Və bütün bu müstəvilər, bu həmlələr sinxron şəkildə məhz Azərbaycana qarşı, Türk dünyasına qarşı yönəlib. Başqa sözlə desək, İran Azərbaycana qarşı “səlib yürüşü”nə çıxıb. Fars-molla rejimi bizə qarşı hibrid müharibə aparır. Mollalar Azərbaycançılığı hədəfə alıblar.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir”. Molla rejimi bu gün məhz bu fəlsəfi istinad nöqtəmizi, mənəvi dayağımızı sarsıtmağa, azərbaycanlıların milli həmrəyliyini sarsıtmağa çalışır. Bəli, əsas hədəf budur. Lakin biz molla rejiminin bu hədəfinin gerçəkləşməsinə hər vasitə ilə mane olmalıyıq. Ancaq eyni zamanda, bu mübarizə emosional ittihamlarla, ayrı-ayrı şəxsləri və bütöv icmaları düşmən obrazında təqdim etmək formasında aparılmamalıdır.
İlk növbədə bunu bilməliyik ki, azərbaycançılıq hər hansı bölgənin, qrupun və ya siyasi çevrənin monopoliyasında olan ideoloji cərəyan deyil. Azərbaycançılıq Azərbaycanın dövlət müstəqilliyini, milli-mədəni irsini, dilini, tarixini və dünyada yaşayan azərbaycanlıların birliyini, həmrəyliyini qoruyan ümummilli ideyadır. Bu ideya heç bir ölkənin vətəndaşlığını, heç bir icmanın yerli kimliyini inkar etmir. Bəli, Borçalı azərbaycanlıları Gürcüstanın vətəndaşlarıdır. Lakin bu, onların Azərbaycan xalqının ayrılmaz mədəni-mənəvi tərkib hissəsi olmasına əsla zidd deyil. İnsan eyni zamanda həm Gürcüstan vətəndaşı, həm Borçalı sakini, həm də Azərbaycan türkü ola bilər. Bu kimliklər bir-birini qətiyyən inkar etmir, əksinə, düzgün yanaşma şəraitində bir-birini zənginləşdirir. Məsələyə belə yanaşmaq həm Gürcüstanın suverenliyinə hörmət, həm də soydaşlarımızın milli hüquqlarının müdafiəsi baxımından ən sağlam mövqedir.
Ona görə də Borçalı məsələsində əsas hədəf qarşıdurma yaratmaq deyil, etimadı möhkəmləndirmək olmalıdır. Azərbaycan dövləti, Gürcüstan hakimiyyəti, yerli icmalar, ziyalılar və vətəndaş cəmiyyəti arasında açıq dialoq qurulmalı, soydaşlarımızın təhsil, dil, mədəniyyət, sosial rifah və siyasi iştirakla bağlı problemləri hüquqi və demokratik mexanizmlərlə həll edilməlidir. Borçalı sakinlərinin hər bir narahatlığı diqqətlə dinlənilməlidir. Çünki cəmiyyətdə yaranan boşluqları dərhal radikal qüvvələrin təbliğatları doldurur. Eyni zamanda, ayrı-ayrı siyasətçilər, ekspertlər və ictimai şəxslər də öz çıxışlarında diqqətli olmalıdırlar. Bütöv bir icmanı aşağılayan, onun tarixi yaddaşını və özünüifadə hüququnu şübhə altına alan açıqlamalar milli birliyə xidmət etmir. Əksinə, belə ifadələr həm xarici təsirlərə, həm də daxili manipulyasiyalara münbit zəmin yaradır.
Milli maraqları müdafiə etdiyini düşünən hər bir kəs ilk növbədə sözünün nəticəsini ölçməli, parçalayıcı ritorikadan uzaq durmalıdır. Bu gün Azərbaycançılığın qarşısında duran əsas vəzifə cəmiyyətimizi süni qarşıdurmalardan qorumaq, milli kimliyi müasir və inklüziv məzmunla möhkəmləndirməkdir. İranın və ya hər hansı başqa bir dövlətin Azərbaycan cəmiyyətinə təsir göstərmək cəhdlərinə qarşı ən güclü cavab qorxu və nifrət deyil, yüksək vətəndaş məsuliyyəti və sağlam milli özünüdərkdir. Ona görə də milli birliyimizə və dövlətçiliyimizə yönələn təxribatlara, təbliğatlara qarşı mübarizə apararkən ifadələrimizdə diqqətli olmaq, bütün bir toplumu və ya dini icmanı kollektiv surətdə günahlandırmamaq da eyni dərəcədə vacibdir. Əks halda, biz özümüz də fərqində olmadan qarşı tərəfin yaratmaq istədiyi parçalanmanın özünə xidmət etmiş olarıq.
Azərbaycançılıq ideologiyasının böyüklüyü onun sadəcə ölkə sərhədləri daxilində qalmamasında, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını birləşdirən ortaq dəyərə, ortaq dilə, güclü mədəniyyətə və milli-tarixi yaddaşa çevrilməsindədir. Bu baxımdan, Azərbaycançılıq heç kimi öz coğrafi mənsubiyyətindən, yerli kimliyindən və vətəndaşlıq bağlılığından imtina etməyə çağırmır. Əksinə, bu ideya müxtəlifliyimizi ümumi tarixi və mədəni yaddaş ətrafında birləşdirir. Qarabağlı, şirvanlı, borçalı, dərbəndli, şəkili, naxçıvanlı, qarapapaq, kərküklü (türkman) və ya başqa yerli-mədəni kimliklər Azərbaycan milli kimliyinə rəqib deyil. Onlar bu böyük kimliyin ayrı-ayrı tarixi çalarları, qollarıdır. Bizim vəzifəmiz həmin çalarları qarşı-qarşıya qoymaq yox, vahid milli mənzərənin tərkib hissəsi kimi mənəvi, mədəni müstəvidə bir araya gətirmək və qorumaqdır. Bu səbəbdən Borçalı ilə bağlı müzakirələrdə hamımız həm prinsipial, həm də təmkinli mövqe nümayiş etdirməliyik. Soydaşlarımızı siyasi və dini-ideoloji alətə çevirmək istəyən hər bir cəhdə qarşı çıxmalı, eyni zamanda onların hüquqlarını, ləyaqətini və iradəsini nəzərə almalıyıq. Azərbaycan dövlətçiliyinin gücü təkcə düşmənlərimizə qarşı cəsarətli bəyanatlarda deyil, həm də öz vətəndaşlarına və soydaşlarına göstərdiyi etimadda, onların problemlərini həll etmək bacarığında və milli birliyi qorumaq qabiliyyətindədir. Ancaq eyni zamanda, heç kim də kənardan Azərbaycan dövlətinə qarşı hər hansı bir tələb, şərt irəli sürə bilməz.
Və bu gün bizim üzərimizə düşən ən böyük məsuliyyət də məhz budur ki, heç bir xarici qüvvəyə, heç bir bölgəçi düşüncəyə və heç bir məzhəbçi təbliğata imkan verməmək ki, azərbaycanlıları bir-birinə qarşı qoysun. Borçalı da, Dərbənd də, Təbriz də, Qars və İqdır da, bütün Azərbaycan dünyası da bizi ayıran xətlərdən deyil, bizi birləşdirən dəyərlərdən güc almalıdır. Milli birlik yalnız o zaman möhkəm olacaq ki, hər bir azərbaycanlı özünü bu birliyin hörmətli, bərabərhüquqlu və dəyərli üzvü hesab etsin. Azərbaycançılıq bizim ortaq yaddaşımız, ortaq məsuliyyətimiz və gələcəyə yönəlmiş möhkəm iradəmizdir. Onu qorumağın yolu isə bölgəçi zehniyyətdən deyil, bir-birimizə daha çox sahib çıxmaqdan keçir.

Comments are closed.

Tərcümə »