TRİPP layihəsi Azərbaycanın həm Türk dünyası, həm Avropa və Asiya ilə əlaqələrini daha da gücləndirə bilər
“ABŞ-ın daxili təhlükəsizlik naziri Markveyn Mullinin Bakıya təcili səfəri və onun Prezident İlham Əliyevin qəbulunda olması Ermənistanla bərabər, Rusiya, İran, Çin və Avropa İttifaqının (Aİ) da diqqət mərkəzindədir. Çünki bu səfər zamanı təkcə ABŞ ilə Azərbaycanın təhlükəsizlik sahəsində əməkdaşlığı deyil, TRIPP – Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu layihəsinin (Zəngəzur dəhlizi) taleyi də əsas müzakirə mövzularından biridir. TRIPP isə adıçəkilən qlobal aktorların hamısının maraqları ilə uzlaşan, kəsişən və ya toqquşan bir məsələdir.
Məhz buna görə də M.Mullinin səfərinin TRIPP marşrutunun icrasına başlanılacağı ərəfədə baş tutması xüsusilə diqqət çəkir. Beləliklə, ABŞ və Ermənistan TRIPP layihəsinin rəsmi icrasına başlanılması ərəfəsində saatlarını Bakı vaxtı ilə tutuşdururlar. Bu baxımdan, Mullinin səfəri Tramp administrasiyasının həm marağını, həm də siyasi iradəsini nümayiş etdirir. Bu isə o deməkdir ki, regional güclərin TRIPP layihəsinin icrasına maneçilik törətmək imkanları avtomatik olaraq neytrallaşdırılır. Burada məsələ yalnız marşrutun texniki və ya logistika baxımından işə salınmasından ibarət deyil. TRIPP layihəsi Cənubi Qafqazda nəqliyyat xəritəsini dəyişməklə yanaşı, regiondakı təhlükəsizlik arxitekturasına, iqtisadi əlaqələrə və geosiyasi balanslara da ciddi təsir göstərə bilər. Buna görə də layihənin reallaşması ilə bağlı hər bir siyasi mesaj, xüsusilə Vaşinqtondan gələn bəyanatlar, region ölkələri tərəfindən diqqətlə təhlil olunur”.
İctimairəy.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Azərbaycan üçün TRIPP, ilk növbədə, Naxçıvanla ölkənin əsas hissəsi arasında maneəsiz və təhlükəsiz əlaqənin yaradılması, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi və ölkənin regional logistika mərkəzi statusunun möhkəmləndirilməsi deməkdir:
“Bakı bu marşrutu yalnız bir kommunikasiya xətti kimi deyil, daha geniş iqtisadi və təhlükəsizlik layihəsinin tərkib hissəsi kimi təqdim edir. Bu baxımdan, marşrutun fəaliyyəti Azərbaycanın həm Türk dünyası, həm Avropa, həm də Asiya ilə əlaqələrini daha da gücləndirə bilər.
Ermənistan üçün isə məsələ daha həssas xarakter daşıyır. İrəvan bir tərəfdən ölkə ərazisindən keçəcək marşrutun iqtisadi dividendlərindən yararlanmaq istəyir, digər tərəfdən isə suverenlik, gömrük nəzarəti və təhlükəsizlik məsələlərində əlavə öhdəliklərin yaranmasından ehtiyat edir. Buna görə də Ermənistanın layihəyə münasibəti həm daxili siyasi proseslərdən, həm də xarici aktorlarla münasibətlərindən asılı olacaq. Eyni zamanda, İrəvan üçün əsas problem layihənin təqdimat formasıdır.
ABŞ-ın marağı ondan ibarətdir ki, marşrut həm Azərbaycanın və Ermənistanın təhlükəsizlik narahatlıqlarını nəzərə alsın, həm də regionda yeni qarşıdurma xətti yaratmasın. Layihənin beynəlxalq mexanizmlərlə dəstəklənməsi və təhlükəsizliyinə dair müəyyən təminatların verilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. ABŞ üçün TRIPP eyni zamanda Cənubi Qafqazda uzunmüddətli siyasi iştirakını artırmaq, Avrasiyanın mühüm nəqliyyat qovşaqlarından birində mövqelərini möhkəmləndirmək vasitəsidir”.
Komitə sədri deyib ki, Moskvanın narahatlığı isə ilk növbədə regional təsir imkanlarının azalması ilə bağlıdır:
“Əgər yeni marşrutun təhlükəsizlik və idarəçilik mexanizmlərində Rusiyanın iştirakı məhdudlaşdırılarsa, bu, indiyədək formalaşmış geosiyasi modelin tam olaraq dəyişməsi anlamına gələ bilər. Ona görə də Rusiya üçün məsələ yalnız nəqliyyat gəlirlərindən və tranzit imkanlarından ibarət deyil. Burada Cənubi Qafqazda siyasi təsirin qorunması və regional proseslərə nəzarət imkanlarının saxlanılması da əsas amillərdəndir.
İran isə layihəyə xüsusilə ehtiyatlı yanaşır. Tehran Ermənistanla sərhədin geosiyasi əhəmiyyətini xüsusi vurğulayır və regionda hər hansı kommunikasiya layihəsinin ölkələrin sərhədlərinə və suverenliyinə təsir etməməli olduğunu bildirir. Əslində isə, İran rəhbərliyi başa düşməlidir ki, yeni nəqliyyat imkanlarından iqtisadi fayda götürmək və Şimal-Cənub dəhlizi ilə Şərq-Qərb marşrutları arasında bağlantı yaratmaq üçün böyük şanslar var və bu layihənin icrası qətiyyən İranın regional maraqlarına zidd təhlükəsizlik mexanizminə çevrilməyəcək. Sadəcə olaraq İran rəhbərliyi düşüncə və yanaşma tərzini dəyişməlidir.
Çin üçün TRIPP daha geniş nəqliyyat və ticarət xəritəsinin bir hissəsidir. Pekin regionda sabit, proqnozlaşdırılan və kommersiya baxımından səmərəli marşrutların yaradılmasında maraqlıdır. Ona görə də rəsmi Pekin adətən belə layihələrə siyasi qarşıdurma prizmasından deyil, uzunmüddətli iqtisadi əlaqələr, yükdaşımaların təhlükəsizliyi və nəqliyyat xərclərinin optimallaşdırılması baxımından yanaşır. Əgər TRIPP digər dəhlizləri tamamlayan, rəqabəti isə qarşıdurmaya çevirməyən mexanizm
kimi formalaşarsa, onun Çin üçün də cəlbediciliyi arta bilər”.
Əlisahib Hüseynovun sözlərinə görə, Avropa İttifaqı isə enerji və nəqliyyat təhlükəsizliyi baxımından heç şübhəsiz ki, bu layihəyə xüsusi maraq göstərir. Son illərdə Avropanın alternativ tədarük və logistika xətlərinə ehtiyacı artıb:
“Bu baxımdan, Cənubi Qafqazdan keçən sabit nəqliyyat marşrutları Avropa ilə Mərkəzi Asiya arasında əlaqələri genişləndirə, Transxəzər istiqamətinin əhəmiyyətini artıra bilər. Bütün hallarda, Mullinin səfəri və TRIPP ətrafında gedən proseslər Cənubi Qafqazda yeni mərhələnin başlandığını göstərir. Layihə reallaşarsa, Azərbaycan regional tranzit qovşağı kimi mövqeyini daha da gücləndirəcək, Ermənistan iqtisadi və kommunikasiya imkanlarını genişləndirəcək, ABŞ isə regionda yeni təhlükəsizlik və əməkdaşlıq formatının əsas təşəbbüskarlarından birinə çevriləcək.
Ona görə də hazırkı mərhələdə Bakı üçün əsas vəzifə layihənin siyasi dəstəyini praktiki razılaşmalarla möhkəmləndirmək, İrəvan üçün isə iqtisadi maraqlarla suverenlik prinsipləri arasında balans yaratmaqdır. Vaşinqtonun qarşısında duran əsas məsələ isə regional güclərin narahatlıqlarını nəzərə alan və heç bir ölkənin özünü kənarda qalmış hiss etməyəcəyi işlək model ortaya qoymaqdır. TRIPP-in taleyi də məhz bu üç istiqamətdə – siyasi iradə, hüquqi təminat və regional balans istiqamətində atılacaq addımlardan asılı olacaq”.
Comments are closed.