İran nüvə enerjisi istəmir, silaha can atır – Ekspert

0

İranda yalnız elektrik enerjisi deyil, təbii qazla da bağlı yanvar ayında böhran yaşandı. İnqilabdan 44 il sonra İran istədiyi səviyyədə nə elektrik istehsal edə bilib, nə də təbii qaz. Sanksiyalar, daxildə tələbatın çox olması, infrastrukturdakı problemlər, stansiyalarda verimliliyin azlığı – bunlar hamısı təbii qaz və elektrik enerjisi böhranının artmasına səbəb olur.

Bu sözləri Axar.az-a Amerikada yaşayan güneyli enerji strateqi Ümid Şükri deyib.

Onun sözlərinə görə, bu sahənin inkişafı üçün kifayət qədər sərmayə qoyulmayıb, işlədilən texnologiya isə köhnədir:

“Hər il istehsal azalır, məsrəf isə artır. Sadəcə, bu il deyil, gələn il də proses bu qaydada davam edəcək. Sanksiyalar götürülmədiyi müddətdə İran istədiyi texnologiyanı və xarici sərmayəni ala bilməsə, təbii qazda və elektrikdə böhran günbəgün daha da şaxələnəcək, insanlara, fabriklərə, sənayeyə təsir edəcək. Həmçinin, istehsalat bütün sahələrdə azalacaq”.

Ümid Şükri hesab edir ki, İranın nüvə enerjisi ilə bağlı məqsədi, əslində, elektrik istehsal etmək üçün nəzərdə tutulmayıb:

“İranın atom enerjisinin arxasınca düşməsi elektrik istehsalı üçün deyil. Onun məqsədi nüvə enerjisindən bomba hazırlamaqdır. İranın ümumi siyasətinə baxsaq, inqilabdan sonra iqtisadiyyat və ölkənin inkişafı prioritet olmayıb. Sərmayələri də nüvə, raket və dron kimi sahələrə qoyurlar. Bu sahələrə daha çox diqqət ayrıldığından enerji və digər iqtisadi bölmələr qalır. Vaxtında sərmayə qoyulsaydı, İran elektrik enerjisində və təbii qazda problem yaşamazdı. Bu da əllərinə bahənə verə bilər ki, nüvəyə daha çox yatırım etsinlər və elektrik istehsalı üçün nüvə santralı açsınlar. İlk nüvə santralı Rusiya tərəfindən İranda inşa edildi. Amma İranda elektrik böhranın həllində böyük rolu olmadı”.

Onun sözlərinə görə, İranın xarici siyasətində ciddi dəyişiklik olmasa, enerji böhranı daha da böyük problemlərə səbəb olacaq:

“İranın bəzi bölgələri yayda çox isti olur. İnsanlar soyutma qurğularından istifadə etməyə, yemək bişirməyə məcburdurlar. Bunun üçün də elektrik enerjisi lazımdır. Tələbatları qarşılanmadığı zaman narazı qalan insanlar etiraz edib, küçələrə çıxacaq. Enerji böhranını çözmək üçün İranın heç bir planı yoxdur. Yanvarda təbii qaz böhranı oldu, İran stansiyalara mazut verdi. Mazutun yanması isə havanı çirkləndirir və insanların səhhəti üçün zərərlidir. Elektrik istehsalı yetərincə olmasa, insanların normal həyatı, istisadiyyat, fabriklər – hamısı problemlə qarşılaşacaq”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »