Azərbaycandan Avropaya qoyun yununun ixracı ilə bağlı ilkin razılıq əldə olunub

0

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Avropa Birliyi ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi və ölkəmizin baytarlıq nəzarəti sisteminin Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) standartlarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.

AQTA-nın yaydığı məlumatda bildirilir ki, birgə fəaliyyətlər zamanı əldə olunmuş qarşılıqlı etimadın nəticəsi olaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi  tərəfindən verilmiş baytarlıq sertifikatları Avropa Birliyi ölkələrində  tanınmağa başlanmışdır.

Ölkəmizdə ixrac potensialına malik məhsullardan biri də qoyun yunudur. Bu istiqamətdə ölkəmizin ixrac imkanlarının genişləndirilməsi məqsədilə Avropa Birliyi ilə danışıqlar aparılmış, qoyun yununun ixracı üzrə ilkin razılıq əldə edilmişdir.

Bunun üçün maraqlı olan müəssisələr xüsusi standartlar üzrə qiymətləndirilməli və müvafiq məlumatlar Avropa Birliyinin aidiyyəti qurumlarına təqdim olunmalıdır.

Müvafiq məlumat bazasında qeydiyyata götürülmüş müəssisələrdən Agentlik tərəfindən verilmiş baytarlıq sertifikatı əsasında yunun ixracatı həyata keçirilə bilər.

Avropa Birliyinə yun ixrac edilməsini planlaşdıran müəssisələrin lazımi prosedurlardan keçirilməsi və onlara metodiki köməkliyin göstərilməsi üçün həmin sahibkarlıq subyektləri qeyd olunan əlaqə vasitələri ilə ((012) 565-12-72, daxili (224), (229))  Agentliyə  müraciət  edə bilərlər.

 

 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »