FÜZULİDƏ Vətən müharibəsi şəhidi XƏYAL MƏMMƏDOVUN  xatirəsi anılıb

0

Vətən müharibəsi zamanı qəhrəmanlıqla döyüşərək şəhid olan Xəyal Məmmədovun doğum günündə xatirəsi anılıb. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

İctimairey.az xəbər verir ki, anım günündə şəhidin ailəsi ilə yanaşı, Füzuli rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, döyüş yoldaşları, orta məktəb və bağça kollektivi, l-ll Qarabağ müharibəsi qaziləri, Birinci Zobucuq qəsəbə və Qərvənd kənd sakinləri iştirak edib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Bildirilib ki, haqq savaşı uğrunda və torpaqlarımızın azad edilməsi üçün canını fəda edən şəhidlərdən biri də Xəyal Məmmədovdur. Onun həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən danışılan zaman qeyd edilib ki, Şəhid Məmmədov Xəyal Xaliq oğlu 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində dünyaya göz açıb. Əslən Füzuli rayonunun Qərvənd kəndindən olan Xəyal yaşa dolduqca Vətən sevgisi daha da artıb. Orta məktəbdə oxuyarkən idmana marağı yaranan Xəyal futbol və cüdo idman növləri ilə məşğul olub. 2018-ci ilin aprel ayında həqiqi hərbi xidmətə yollanan Xəyal bacarığı və istedadı ilə seçilərək Xüsusi Təyinatlı Qüvvələr sırasında xidmətdə olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində də Xəyal Xüsusi Təyinatlı olaraq böyük şücaət göstərib. Döyüş yolu Ağdərə-Murov istiqamətində başlayan Xəyal pulemyotçu olaraq qəhrəmanlığı ilə seçilib. Daha sonra Xəyal və döyüşçü yoldaşlarının növbəti tapşırığı Cəbrayıl-Füzuli istiqamətində olub. Xəyal bir sıra strateji məntəqələrin azad olunmasında və düşmənin bir neçə canlı qüvvəsinin məhv edilməsində xüsusilə fərqlənib. 2020-ci il oktyabrın 15-də Füzuli rayonu Qarğabazar istiqamətində gedən döyüşlər zamanı Xəyal qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb.

Məmmədov Xəyal Xaliq oğlu döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğurunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Aydın Yavərzadə, AZƏRTAC

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »