Əslində, Soçi görüşündən öncə Kremlin “xəritə və üçtərəfli anlaşma xatırlatması” Rusiyanın konkret plan əsasında hərəkət etdiyini göstərirdi; Məlum oldu ki, Kreml ABŞ və Qərbi Cənubi Qafqaza buraxmaq niyyətində deyil, Rusiya bu istiqamətdə göstərilən cəhdlərə kəskin reaksiya verəcək…
Rusiyanın ABŞ və Qərblə Cənubi Qafqaz uğrunda mübarizəsinin növbəti mərhələsi yaşanır. Kreml regionda cərəyan edən proseslərə tam nəzarət etdiyini sübut etməyə çalışır. Və bu regionda digər oyunçuların iştirakına qətiyyən ehtiyacın olmadığının açıq mesajını verməkdir.
Rusiyanın üçtərəfli görüşün keçirilməsi üçün bu qədər israrlı davranması da bunu təsdiqləyir. Çünki əgər, bu görüş keçirilməsdisə, onda təşəbbüs Qərb siyasi dairələrinin əlinə keçəcəkdi. Hər halda, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə görüşməsi barədə razılıq əldə olunmuşdu, bu, hələ də qüvvədədir.
Ancaq Kreml öz davranışları ilə Cənubi Qafqazda təşəbbüsü Qərb siyasi dairələrinə güzəştə getməyə hazırlaşmadığını növbəti dəfə təsdiqlədi. Nəticədə Əliyev-Paşinyan görüşü Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə əvvəlcə Soçidə keçirildi. Bundan sonra Brüssel görüşünün nə qədər əhəmiyyət daşıya biləcəyinin özü də hələlik şübhəli məqamdır.
Məsələ ondadır ki, Soçi görüşündə əldə olunan anlaşmalar barədə dəqiq məlumat yoxdur. Yəqin ki, yaxın vaxtlarda bu barədə müfəssəl məlumata ümid bəsləmək də sadəlövhlük olardı. Çünki bu görüşdə Ermənistan istənilə halda, “zəif bənd” rolunda çıxış edirdi.
Deməli, erməni baş nazirin şərtləri müəyyənləşdirən tərəf rolunda çıxış etmək şansları da yox idi. Ermənistan paytaxtı İrəvanda isə baş nazir Nikol Paşinyandan Azərbaycanla ehtimal olunan anlaşmaların məzmununun açıqlanması tələbləri ilə davamlı olaraq, kütləvi etiraz aksiyaları keçirilir. Belə vəziyyətdə danışıqların məzmununun, eləcə də yekun nəticələrinin ictimailəşdirilməsi Paşinyan hakimiyyəti üçün sonun başlanğıcına da çevrilə bilər.
Ona görə də ehtimal etmək olar ki, Soçi görüşündə əldə olunmuş anlaşmalar yaxın vaxtlarda rəsmən elan edilməyəcək. Ancaq görüş zamanı səsləndirilən fikirlərdən bəzi nəticələr çıxartmaq da mümkündür. Belə ki, Kreml sahibi V.Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə yekun sülh sazişinin imzalanması prosesinin tezləşdirilməsinin vacibliyinə eyham vurub.
Belə anlaşılır ki, Ermənistandan fərqli olaraq, Rusiya Cənubi Qafqaz üçün böyük önəm daşıyan əsas sənədin imzalanmasında tələsir. Bu sənəd imzalanacağı təqdirdə, Kremlin regional maraqlarının təmin edilməsində önəmli rol oynaya bilər. Hər halda, yekun sülh sazişi ABŞ və Qərbin Cənubi Qafqaza siyasi müdaxilə imkanlarının bloklanması baxımından, olduqca önəmli faktordur.
Məsələ ondadır ki, bu sənədin imzalanmasından sonra ATƏT-in Minsk Qrupuna ehtiyac qalmayacaq. Qərb siyasi dairələrinin regionda vasitəçilik missiyası üçün heç bir mübahisəli məsələ qalmamış olacaq. Və Dağlıq Qarabağ münaqişəsini 30 ilə yaxın bir nüddətdə uzadaraq, həllinin dalana dirəmiş bu qurumun ləğvi qaçılmaz xarakter daşıyacaq.
Onu da qeyd edək ki, Kremlin sahibinin yekun sülh sazişindən danışması bu sənədin imzalanmasında birbaşa rol oynayacaq məsələlərin nizamlanması ilə bağlı müəyyən anlaşmaların olma ehtimalını da artırır. Bu barədə bəzi məlumatlar Rusiya mətbuatına hətta üçtərəfli görüşdən öncə sızmışdı. Və həmin məlumatlara əsasən regionu maraqlı proseslərin gözlədiyini düşünmək olar.
Məsələ ondadır ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin inkişafı məqsədilə üçtərəfli işçi komissiyanın yaradılması barədə anlaşmanın olduğu bildirilir. Hər halda, yekun sülh sazişinin imzalanması üçün ilk növbədə hər iki ölkənin qarşı tərəfin ərazi bütöblüyünü tanıması qaçılmazdır. Bunun üçün isə iki qonşu ölkə arasında mütləq sərhəd çizgilərinin dəqiqləşdirilib, çəkilməsi lazımdır.
Maraqlıdır ki, üçtərəfli görüşdən bir gün öncə Rusiyadan bu məsələ ilə bağlı müəyyən mesajlar verilmişdi. Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı vurğulamışdı ki, sovet dövrünün xəritələri yalnız Rusiya Müdafiə Nazirliyində saxlandığı üçün Kreml bu məısələdə öz köməyini təklif edib: “Bu xəritələr etibarlı, dəqiqdir və Ermənistanla Azərbaycan arasında sərhədləri dəqiq müəyyən edir. Bu xəritələr əsasında əminliklə danışıqlar aparmaq olar. Azərbaycan da, Ermənistan da bu yanaşmanı dəstəkləyir”.
Göründüyü kimi, Kreml Azərbaycan-Eürmənistan sərhədlərinin müəyyən olunmasına artıq hazırdır. Üstəlik, bu prosesdə birbaşa vasitəlik missiyasını məhz öz üzərinə götürmək niyyətindədir. Və bu prosesə Qərb siyasi dairələrinin qatılmasında qətiyyən maraqlı deyil.
Hətta bir müddət öncə Rusiya prezidenti V.Putin də bəyan etmişdi ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi üçün bütün imkanlar, hüquqi vəsaitlər mövcuddur. Rəsmi İrəvanın bu prosesə Minsk Qrupunu cəlb etmək cəhdlərinə eyham vuraraq, onu da bildirmişdi ki, Rusiya mübahisəli məsələlərin həllində ən yaxşı tərəfdaşdır: “Delimitasiya və demarkasiya üçün önəm daşıyan xəritələr Rusiya Müdafiə Nazirliyində saxlanılır. Ona görə də, bu prosesdə Rusiyadan başqa hər hansı kənar iştirakçıya ehtiyac yoxdur”.
Digər tərəfdən üçtərəfli görüşdən öncə Rusiya Cənubi Qafqazda sülhyaratma prosesinin hansı prosesdur üzrə cərəyan edə biləcəyinə də üstüörtülü eyham vurmuşdu. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin təmsilçisi Mariya Zaxarova tərəfləri üçtərəfli anlaşmaları tam şəkildə icra etməyə çağırmışdı: “Biz üçtərəfli razılaşmanın ardıcıllıqla həyata keçməsinin tərəfdarıyıq. Bu, o cümlədən, Cənubi Qafqazda kommunikasiyaların açılmasına da aiddir”.
Bütün bunlar onu göstərir ki, Kreml rəsmi İrəvanın son vaxtlar atdığı addımlardan, sürüşkən davranışlarından hər halda, narahatdır. Ona görə də, Brüssel görüşü keçirilsə belə, tərəflərin üçtərəfli anlaşmaları icra etməli olduğuna eyham vurmağa üstünlük verir. Bu baxımdan hesab etmək olar ki, Soçidən sonra Brüssel görüşünün formal xarakter daşıma ehtimalı kifayət qədər yüksəkdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert