1920-ci il: Azərbaycan torpaqlarını əks etdirən xəritə – FOTO

0

1920-ci ilin ünvan-təqvimində Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinin təqdim etdiyi xəritə və məlumatlar əsasında ölkənin ərazisini əks etdirən cədvəl nəşr olunmuşdu. Cədvələ görə, indiki Ermənistan ərazisinin böyük bir hissəsi Azərbaycan torpaqları idi. Söhbət aşağıdakı yerlərdən gedir (mübahisəli ərazilər də daxil olmaqla):

– Gəncə (Yelizavetpol), Cavanşir, Nuxa, Ərəş, Şuşa, Cəbrayıl, Zəngəzur, Qazax (bu ərazinin üçdə birini təşkil edən dağlıq hissəsi Azərbaycan və Ermənistan arasında mübahisəli ərazi kimi qalırdı) qəzaları; İrəvan quberniyası (Naxçıvan, Şərur-Dərələyəz qəzaları, habelə Novo Bəyazid, Eçmiədzin və Sürməli qəzalarının bir hissəsi);

– İrəvan quberniyasının mübahisəsiz ərazisinə daxil idi: Şərur-Dərələyəz qəzasının I və II polis sahələri; Naxçıvan qəzasının I, II, III və IV polis sahələri; Yeni Bəyazid qəzasının I və II polis sahələri.

– İrəvan quberniyasının mübahisəli ərazisinə daxil idi: İrəvan qəzasının I, II, III və IV poIis sahələri, Eçmiədzin qəzasının II və III polis sahələri; Sürməli qəzasının I, II və III polis sahələri; Novo Bəyazid qəzasının III polis sahəsinin bir hissəsi;

Ege Universitetinin doktorantı Qulamhüseyin Məmmədov hesab edir ki, o dövrün reallıqlarına və sözügedən cədvələ əsasən, Cümhuriyyətin ərazisi 113,9 min kv. km-ə bərabər idi. Bunun 97,3 min kv. km mübahisəsiz idi, 16,6 min kv. km-i isə mübahisəli ərazilər sayılırdı:

Sərhədlərin qəti olaraq müəyyənləşməsi 1921-ci ildə başa çatdı. 1920-ci ilin mayında Azərbaycan sovetləşdirilmişdi. Sovetləşmə zamanı Azərbaycanın ordusu Qarabağda və Zəngəzurda ermənilərlə savaşmaqda idi. Yeni sovet rəhbərliyi hərbi əməliyyatları dayandırsa da, erməni təxribatlarının davam etməsi müharibənin bitməsinə imkan vermirdi. Sovet rəhbərliyi əvvəl Zəngəzurun hüquqi olaraq Azərbaycanın tərkibində qalmasının tərəfdarı olsa da (hətta bunu bir çox erməni bolşevik də qəbul etmişdi), sonradan terrorçular Dro və Njdenin şiddətli müqaviməti səbəbindən fikrindən daşınmağa başladı. Çünki erməni millətçiləri Zəngəzur məsələsinin onların lehinə həll olunmaması halında, sonadək döyüşəcəklərinin bildirirdilər. Bu isə bolşeviklər üçün əlavə başağrısı idi. Nəticədə, 1921-ci ildə Ermənistan SSR və Azərbaycan SSR arasındakı razılaşmaya əsasən, Zəngəzur qəzası 2 yerə bölündü. Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər Azərbaycan SSR-in tərkibində qaldı, digər dörd rayon (Qafan, Sisian, Meğri, Gorus) isə Ermənistan SSR-ə verildi.

Bu məsələnin Azərbaycanın lehinə həll edilməməsinin səbəblərindən biri də əhali amilidir. 1897-ci il hesablamalarına görə, regionda 73 min nəfərlə əhalinin 53 faizini təşkil edən türk-müsəlmanların sayı 1922-ci ildə 6.5 min nəfərlə 10.2 faizə enmişdi. Səbəbləri məlumdur. Yəni, bir çox Azəbaycan türkü fiziki olaraq məhv edilmiş və ya evindən didərgin salınmışdı. Yeni müəyyən olunmuş və Azərbaycannı bir sıra tarixi torpaqlarının itirilməsi ilə nəticələnən sərhədlər Moskva və Qars müqavilələri ilə möhkəmləndi və tanındı. Lakin Sovet İttifaqının mövcudluğu dövründə də bu proses davam etdi. Belə ki, yeni sərhədlər çərçivəsində də Azərbaycanın əleyhinə bəzi dəyişikliklər edildi.

(Şəkildə: Fransada dərc olunan qəzet 1920-ci ildə sovetlərin Zəngəzuru ermənilərə verdiklərini yazır)

Elnur ALLAHVERDİYEV Millət Vəkili

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »