Neftçalada saxta COVID-19 pasportu satan polis işdən qovuldu

0

Neftçala rayonunda daha bir məmur özbaşınalığı barədə məlumat yayılıb. Bizimxeber.az-ın xəbərinə görə, Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Elmar Gülməmməd oğlu Xankişiyev vəzifəsindən azad olunub.

O, saxta COVID-19 pasportu satdığı yerdə tutulub. Bundan sonra E.Xankişiyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə işdən azad olunub və haqqında araşdırma başlanılıb.

Qeyd edək ki, adıçəkilən şəxsin rayonda müxtəlif adamlara saxta COVID-19 pasportu satdığı ilə bağlı iddialar var, hazırda həmin məlumatlar araşdırılır.

20 ilə yaxındır ki, polis orqanlarında işləyən Elmar Xankişiyevin rayon polis rəisinin adamı olduğu iddia edilir. Belə ki, rayonun Xoltəzəkənd kəndindən olan polis serjantı əvvəllər növbətçi hissədə çalışıb. Pandemiya dövründə rayon Polis Şöbəsinin rəisi Vüsal Şəbəndiyevin tapşırığı ilə Rayon Mərkəzi Xəstəxanasına təhkim olunub. Eyni zamanda, Bankə qəsəbəsində səyyar vaksinasiya prosesinə cəlb edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları müxtəlif bölgələrdə saxta COVID-19 pasportu satan şəxslərə qarşı mübarizə aparır. Google axtarış sistemində Neftçala rayonunda belə bir “fakt” aşkar olunmasına dair heç bir məlumat çıxmır. Lakin maraqlıdır ki, saxta pasport satan polis serjantı şikayət əsasında “iş başında” tutulub. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. /Pravda/

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »