ABŞ İvanişviliyə qarşı sanksiya tətbiq etdi

ABŞ “Gürcü arzusu” partiyasının yaradıcısı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ dövlət katibi Antoni Blinken qeyd edib ki, Gürcüstanın hakim partiyasının qurucusu “Rusiyanın xeyrinə Gürcüstanın demokratik və Avroatlantik gələcəyinə zərbə vurur”.

Dekabrın əvvəlində Baltikyanı ölkələr və Ukrayna İvanişviliyə qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Gürcüstanda “Gürcü arzusu”nun qalib gəldiyi parlament seçkilərinin nəticələrinə etirazların zorakılıqla yatırılması olub.

İvanişvili Gürcüstanın ən varlı adamıdır. O, 2012-2013-cü illərdə ölkənin baş naziri olub.

Rusiya hakimiyyətinə yaxınlığına görə onun Qərb ölkələrindəki aktivləri dondurulub. Bu aktivlər arasında Credit Suisse bankındakı 2 milyard dollar da daxildir. “Gürcü Arzusu” partiyası bu hesabın bloklanmasını “qeyri-rəsmi sanksiya” kimi qiymətləndirib.

Bu ilin oktyabrında “Imedi” telekanalına müsahibəsində İvanişvili Sinqapurda məhkəmə prosesinin müsbət nəticələndiyini deyib. Onun sözlərinə görə, bu nəticədən sonra Qərb siyasətçiləri ilə görüşlərə heç bir maneə qalmayıb. Daha sonra o, Fransa prezidenti Emmanuel Makronla telefonla da danışıb.

İvanişvilinin Qərb ölkələrində nə qədər sərvətinin dondurulduğuna dair dəqiq məlumat yoxdur. Bir müddət əvvəl onun özünə aid incəsənət əsərlərini

Londondan və Nyu-Yorkdan çıxardığı barədə məlumatlar yayılmışdı.

Bloomberg-in məlumatına görə, İvanişvilinin sərvəti son bir il ərzində 1 milyard dollar artaraq 7,6 milyard dollara çatıb.

Milyarderin faktiki nəzarətində olan Gürcüstan hakimiyyəti Qərbin əleyhinə addımları məhz İvanişviliyə qarşı sanksiyalara cavab olaraq atır.

Comments are closed.

Tərcümə »