Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) ilk görüşdə ukraynalı rəqibindən güclü olub. Dünya və Avropa çempionumuz daha sonra Qırğızıstan güləşçisinə şans tanımayıb və yarımfinala yüksəlib. Finalın bir addımlığında Yaponiya güləşçisinə məğlub olan E.Əzizli oktyabrın 8-də bürünc medal görüşünə çıxıb. Türkiyəli rəqibindən güclü olan güləşçimiz ardıcıl ikinci dəfə dünya üçüncüsü olub. Bununla da təcrübəli güləşçimiz dünya çempionatında qazandığı medalların sayını 3-ə çatdırıb.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə Qırğızıstan idmançısına tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız Tacikistandan olan həmkarına da heç bir şans tanımayıb. S.Süleymanov alman rəqibinə də eyni aqibəti yaşadaraq karyerasında ilk dəfə dünya çempionatının yarımfinalına adlayıb. Bu mərhələdə Belarus təmsilçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. Yekunda minimal hesablı qələbə güləşçimizi finala daşıyıb. Həlledici görüşdə ikiqat Olimpiya, ikiqat dünya və dördqat Avropa çempionu Roman Vlasovla qarşılaşan S.Süleymanov rusiyalı rəqibinə minimal fərqlə uduzaraq dünya ikincisi olub.
Rafiq Hüseynov (82 kq) isə əvvəlcə Estoniya güləşçisini vaxtından əvvəl üstələyib. Qırğızıstan idmançısı da təcrübəli güləşçimiz qarşısında tab gətirməyib. İsveçli dünya ikincisi və Avropa üçüncüsü Aleks Kessidislə görüş dramatik alınıb. R.Hüseynov ilk hissəni 0:6 hesabı ilə başa vurub. İkinci yarıda əsl əzmkarlıq nümayiş etdirən R.Hüseynov güclü rəqibinə minimal fərqlə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Finalın bir addımlığında Rusiya pəhləvanı ilə gərgin keçən görüşdən də üzüağ çıxan təmsilçimiz ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlib. Həlledici görüşdə Türkiyə güləşçisinə qalib gələn həmyerlimiz dünya çempionu olub.
Xatırladaq ki, dünya çempionatında sərbəst güləşçilərimizdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıblar. Qadın güləşçilər isə yarışı medalsız başa vurublar.
Güloğlan Məmmədov İctimairey.az