Avropa İttifaqı Rusiyaya qarşı HƏRƏKƏTƏ KEÇDİ

Avropa İttifaqı Rusiyaya qarşı 15-ci sanksiyalar paketinin bir hissəsi olaraq 45 Rusiya neft tankeri, 50 fiziki şəxs və 30 şirkətə qarşı sanksiyalar tətbiq olunmasını təklif edir.

Musavat.com xəbər verir ki, məlumatı “Bloomberg” agentliyi nəzərdən keçirə bildiyi sənədlərə istinadən yayıb.

Qeyd olunur ki, sanksiya siyahısına salınması təklif olunan şəxslər arasında əsasən Rusiya hərbi istehsalçıları, eləcə də kiçik bir qrup Çin firmaları var.

Bundan əlavə, “Bloomberg”in verdiyi məlumata görə, yeni paketə 45-dən çox Rusiya neft tankerinin Avropa limanlarına və xidmətlərinə girişinə qadağa daxildir. Sanksiyalar həmçinin neft nəqli ilə məşğul olan Rusiya şirkətlərinə, eləcə də çoxsaylı hərbi qulluqçulara və şirkət rəhbərlərinə təsir edəcək.

Agentlik vurğulayır ki, digər məsələlərlə yanaşı, Aİ Moskvaya silah yaratmaq üçün lazım olan texnologiyaları əldə etməyə kömək edən təxminən 30 təşkilata qarşı ticarət məhdudiyyətləri tətbiq etməyi də təklif edir.

Sənədlərə əsasən, bu siyahıya Rusiya, Serbiya, İran, Hindistan, Tailand, Birləşmiş Ərəb Əmirlikləri, eləcə də Çin və Honkonqdan olan firmalar daxildir.

Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsi qərarında iştirak edən Şimali Koreya Müdafiə Nazirliyinin nümayəndələri də sanksiyalara məruz qalacaq.

Agentlik qeyd edir ki, bu təkliflər G7 xarici işlər nazirlərinin bu həftə İtaliyada keçiriləcək iclasında Rusiyanı dəstəkləyən ölkələrə qarşı müvafiq tədbirlər görmək niyyəti ilə uzlaşır.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya 30 neft tankerini Rusiyanın sanksiyalar siyahısına daxil edib. Beləliklə, Böyük Britaniya sanksiyaları Rusiya neftini daşıyan 80-dən çox tankerə şamil edilir.

Comments are closed.

Tərcümə »