Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə 27 sentyabr-Anım Gününə həsr olunmuş aksiya keçirib
Azərbaycan diasporu BMT-nin baş qərargahı önündə 27 sentyabr-Anım Gününə həsr olunmuş aksiya keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, aksiya Azərbaycan-Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutub. Aksiyada Amerika Birləşmiş Ştatlarının Nyu-York, Vaşinqton, Meyn və Texas ştatlarında yaşayan azərbaycanlı icmasının üzvləri iştirak ediblər.
Aksiyada çıxış edən Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli BMT-dən, qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atılmasını tələb etdiklərini diqqətə çatdırıb. Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda həlak olan şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edib, “Şəhidlər ölməz!”, “Şəhidlər heç vaxt unudulmur!”, “Anım Günü!”, “Biz 27 sentyabr Vətən müharibəsi şəhidlərini hörmət və ehtiramla anırıq!”, “Azərbaycana ədalət!”, “Qarabağ Azərbaycandır!”, “Vətən var olsun”, “Ermənistanın Qarabağ ərazisini minalaması Azərbaycan jurnalistlərinin həyatına son qoydu”, “Bir ildən az müddətdə 160 mülki insan itkisi, 30 günahsız insan ölüb”, “Biz sülh istəyirik!” və sair şüarlar səsləndiriblər.
Azərbaycan, Türkiyə və ABŞ-ın dövlət bayraqlarının yanaşı dalğalandırıldığı dinc aksiyada Nyu-York icmasının üzvləri və gənclər çıxış edərək BMT-dən ədalət tələb etdiklərini vurğulayıb, dünya birliyini Ermənistanın haqsız və ədalətsiz mövqe tutan lobbiçilərini dəstəkləməməyə, dövlətlərin ərazi bütövlüyünün müdafiəsinə qalxmağa, separatçı, qondarma rejimlərin hərbi cinayətlərinə şərik olmamağa çağırıblar.
Aksiya zamanı Nyu-York Azərbaycan-Amerika Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlilin rəhbərlik etdiyi ansamblın ifasında həzin musiqilər səslənib.