Qırğızıstan prezidenti Sadır Japarov könüllülük əsasında işləyən 26 köməkçi və müşavirini vəzifəsindən azad edib.
Musavat.com “Akipress” saytına istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına görə, bu qərar Prezident Administrasiyasının islahatları və idarəetmə sisteminin təkmilləşdirilməsi çərçivəsində qəbul edilib.
7 köməkçi və 19 müşavir könüllük əsasında, maaş almadan çalışırmış. Prezidentin müşavirləri və köməkçiləri prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Onlar Prezident Administrasiyasının strukturuna daxildirlər.
Müəyyən məsələləri öyrənmək üçün prezident könüllülük əsasında (Prezident Administrasiyasının aparatının tərkibindən kənar) müşavir və köməkçiləri təyin edir.
Prezident müşavirlərinin əsas vəzifələri nəzarət etdikləri sahələr üzrə ölkədə və xaricdəki işlərin vəziyyətini təhlil edib dövlət başçısına məlumat vermək, fəaliyyətlərinin müxtəlif istiqamətləri üzrə təkliflər hazırlayıb təqdim etmək, onların tapşırığı ilə xarici rəsmilərlə danışıqlar və məsləhətləşmələr aparmaq və s.-dir.
Köməkçilərin əsas vəzifələri prezidentə konkret sahələrdə praktiki fəaliyyətlərini həyata keçirməkdə köməklik göstərməkdir.
Prezident onların qarşısında duran vəzifələrin prioritetindən və əhəmiyyətindən asılı olaraq müşavirlərə və köməkçilərə başqa tapşırıq və səlahiyyətlər də verə bilər.
Ancaq S.Japarovun birdən-birə bütün köməkçi və müşavirlərindən imtina etməsinin gerçək səbəbi bəlli deyil.