Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev kəskin açıqlaması ilə diqqət çəkib.
Medvedev deyib ki, Rusiyaya hücumlar olarsa, Qərbin hərbi texnikası təkcə Ukraynada deyil, digər ölkələrin ərazisində də məhv ediləcək.
İctimai Rəy Musavat.com-a istinadən xəbər verir ki, Medvedev açıqmasının davamında Qərbi konkret olaraq dünya müharibəsi ilə təhdid edib.
O qeyd edib ki, NATO ölkələrinin Rusiyaya qarşı fərdi yardımı, istər raketlərə nəzarət, istərsə də qoşun göndərmək, ciddi eskalasiya yaradacaq və ardınca elə bir qüvvənin cavabı olacaq ki, alyansın özü də münaqişəyə cəlb olunmağa müqavimət göstərə bilməyəcək.
Medvedev onu da vurğulayıb ki, Qərb Rusiyanın taktiki nüvə silahından istifadə etməməsini səhv hesablaya bilər.
“Axı, Rusiya prezidentinin haqlı olaraq qeyd etdiyi kimi, Avropa ölkələrində əhalinin sıxlığı çox yüksəkdir. Torpaqları taktiki nüvə silahlarının əhatə dairəsindən uzaq olan düşmən ölkələr üçün nəhayət, strateji potensial var.
Və bu, təəssüf ki, qorxutma və ya blef deyil. Hazırda Qərblə hərbi münaqişə ən pis ssenari üzrə inkişaf edir. Tətbiq olunan NATO silahlarının gücündə daimi bir eskalasiya var. Ona görə də bu gün heç kim münaqişənin son mərhələsinə keçməsini istisna edə bilməz”,-deyə Medvedev bildirib.