Türkiyənin məşhur onlayn alış-veriş şirkəti olan “Trendyol”un Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişiklik etməsi ilə bağlı məlumatlar yayılıb. Ötən gündən etibarən yayılan məlumatlarda şirkətin qiymətləri təqribən 2.5 dəfə artırdığı iddia edilib. Qeyd edilib ki, son günlərə kimi 79.99 TL (4.23 manat) hesablanan çatdırılma xidməti artıq 199.99 TL (10.63 azn) hesablanacaq.
İctimai Rəy bildirir ki, iqtisadiyyat.az məsələ ilə bağlı “Trendyol Azərbaycan”la əlaqə saxlayıb.
Şirkətdən bildirilib ki, yeni qaydalara əsasən müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir:
“Ən aşağı desi qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL – 399,99 TL arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.