Ceyhun Bayramov UNESCO baş direktorunun köməkçisi ilə görüşdü

0

Xarici işlər naziri Ceyhun Bayramov UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə köməkçisi Qabriela Ramos ilə görüşüb.

İctimai Rəy xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və UNESCO arasında əməkdaşlıq gündəliyində duran məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyinin bərpasından bəri UNESCO ilə yaxından əməkdaşlıq edərək, təhsil, mədəni irs nümunələrinin qorunması, mədəniyyətlərarası dialoqun təşviqi kimi sahələrdə Təşkilatın fəaliyyətinə töhfə verdiyini diqqətə çatdırıb. Bu il artıq 6-cı dəfə keçirilən Qlobal Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində tərəfdaşlığın öz növbəsində Azərbaycan və UNESCO əməkdaşlığının davamlılığının bariz nümunəsi olduğu bildirilib.

UNESCO tərəfi Azərbaycanla mədəniyyətlər arasında dialoq, gender bərabərliyi, gənclərlə iş, habelə süni zəka kimi müasir texnologiyalardan istifadə sahəsində etika məsələləri kimi əməkdaşlıq imkanlarının olduğunu bildirib. Nazir Ceyhun Bayramov ölkəmizdə qeyd edilən istiqamətlərdə görülən işlər barədə məlumat verib.

Cari ildə Azərbaycanın ev sahibliyi edəcəyi COP29-la bağlı hazırlıq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, COP29 sədrliyimizin iqlim dəyişikliyi ilə mübarizə kimi kompleks yanaşma tələb edən sahədə müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığın təşviqinə istiqamətləndiyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Qabriela Ramos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə Azərbaycanda səfərdədir.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »