Fransa prezidenti Emmanuel Makron rəsmi səfəri çərçivəsində getdiyi Braziliyada prezident Lula da Silva ilə görüşüb.
İctimai Rəy xəbər verir ki, mətbuata təqdim edilən fotoşəkillərdə iki liderin davamlı olaraq əl-ələ tutduqları, günəş altında bir qayıqda gülümsəyərək pozalar verdiyi və tez-tez qucaqlaşdıqları görülüb.
İki liderin görüntüləri sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb və müzakirələrə səbəb olub.
İstifadəçilər Makronla Silvanın pozalarını toy fotoları və romantik komediya səhnələri ilə müqayisə ediblər. Şərhçilərdən biri “Amazonda evlənib, bal ayına Parisə gedəcəklər” deyib, başqa bir istifadəçi fotolarla toy albomunun hazırlana biləcəyini bildirib.
Sosial mediada “toy albomu” şərhlərinə səssiz qala bilməyən Fransa lideri yazıb: “Kimlərsə bizim şəkillərimizi evliliklə müqayisə etdi. Onlara deyirəm ki, hə, toy idi. Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir”.
Makron öz postunda Lulanı da işarələyib və braziliyalı həmkarına təşəkkür edib.\\musavat.com\\