Erməni faşistləri xalqımıza qarşı bu amansız soyqırımını şüurlu, planlı şəkildə həyata keçirdiklərini gizlətmirlər

0

20-ci yüzillik tarixə qanlı dünya müharibələri və amansız soyqırımlar əsri kimi düşüb. Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı müdhiş qətliamlar bütün insanlığın faciəsidir. Azərbaycan xalqı da tarixin ən ağır faciələrindən birinə – Xocalı soyqırımına məruz qalıb. Mənfur erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən bu soyqırımı az öncə adlarını qeyd etdiyim kütləvi qətliamların sırasında yer alan ən ağır ümumbəşəri cinayətlərdən biridir. “Xocalıya ədalət” çağırışına qoşulan dünyanın bütün ədalətli insanları da etiraf edir ki, Xocalı qətliamı Xatın, Liditse, Oradur, Sonqmi, Ruanda və Srebrenitsadakı faciələrdən heçnə ilə fərqlənmir.

Soyqırımları adətən irqçiliyə, terrorizmə, nasizm və faşizmə meylli xalqlar tərəfindən törədilir. Robert Köçəryan, Serj Sərkisyan, Vitali Balasanyan, Samvel Babayan, Seyran Ohanyan, Arkadi Qukasyan və digər hərbi canilərin rəhbərliyi ilə törədilən Xocalı faciəsi ermənilərin də irqçi və faşist xislətini üzə çıxardı. Bu mənada Ulu Öndər Heydər Əliyev Qarabağın Xocalı şəhərinin sakinlərinin kütləvi şəkildə məhv edilməsini nəinki Azərbaycan xalqına, bütün insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi dəyərləndirməkdə tamamilə haqlıydı: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Erməni faşistləri xalqımıza qarşı bu amansız soyqırımını şüurlu, planlı şəkildə həyata keçirdiklərini gizlətmirlər. Ermənistanın sabiq prezident Serj Sərkisyan Böyük Britaniyadan olan jurnalist Tomas de Vaala verdiyi müsahibəsində bunu açıq şəkildə etiraf etmiş və bildirmişdi ki, “bizim məqsədimiz azərbaycanlıların gözünü qorxutmaq idi”. Sərkisyanın bu etirafı Ermənistanın təcavüzkar və terrorçu dövlət kimi tanıdılması baxımından əsas istinad nöqtələrimizdən biridir. Ermənistanın keçmiş prezidentinin az qala fəxrlə bəhs etdiyi Xocalı qətliamı BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilən və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsinə hesablannmış bütün ağır cinayət üsulları ilə uyğunluq təşkil edir.

Bəli, onlar xalqımıza qarşı bu ağır cinayətlərə şüurlu şəkildə yol vermişdilər. Ancaq əfsuslar olsun ki, həmin vaxt dünya birliyi bu cinayətləri görməzdən gəldi. Qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da söylədiyi kimi Qarabağ illərlə işğal altında qaldı, Xocalı kimi qətliamlar törədildi, amma heç bir beynəlxalq qurum səsini çıxarmadı, BMT Təhlükəsizlik Şurası erməni faşizminin “əsər”i olan Xocalı soyqırımına göz yumdu. Başqa sözlə desək, dünya birliyi həmin vaxt Azərbaycan xalqını tək qoydu, öz faciəsi ilə baş-başa buraxdı.

Lakin erməni faşistlərinin gözləntiləri, ümidləri özünü doğrultmadı. Onlar xalqımızın iradəsini sındıra, bizi ruhən çökmüş əzik topluma, torpaqlarının itkisi ilə barışan məğlub xalqa çevirməyə nail ola bilmədilər. Dövlətimiz və xalqımız işğal və soyqırımlar qarşısında sınmadı, ruhdan düşmədi. İstər Xocalı faciəsinin müxtəlif ölkələrin hökumət və parlamentləri tərəfindən soyqırımı kimi tanınması istiqamətində, istərsə də torpaqlarımızın işğaldan azad edilməsi üçün güclü ordu və güclü iqtisadi baza yaradılması baxımından Azərbaycan dövlətinin uzun illər ərzində apardığı iş həqiqətən də təqdirəlayiqdir. “Xocalıya Ədalət” beynəlxalq maarifləndirmə və məlumatlandırma kampaniyasının müvəffəqiyyətlə həyata keçirilməsi də erməni faşizminin ifşa edilməsində mühüm rol oynayıb.

Bu gün biz əminliklə deyə bilərik ki, Xocalı şəhidlərinin qanı yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etməsi nəticəsində Birinci Qarabağ müharibəsinin bütün şəhidləri ilə yanaşı, Xocalı şəhidlərinin də qisası alınıb. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Prezidenti və Müzəffər Ali Baş Komandanımızİlham Əliyev tərəfindən Xankəndi ilə bərabər, Xocalıda da Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılıb. 7 fevralda isə ölkəmizin bütün suveren ərazilərində olduğu kimi Xocalı və Xankəndi də prezident seçkiləri keçirilib, Prezident İlham Əliyev Xankəndidə səs verib. Bu hadisə dövlət başçımızın da qeyd etdiyi kimi erməni separatizminin tabutuna vurulan sonuncu mismar idi. Bundan sonra bizim torpaqlarımızda heç vaxt separatizmə yol verilməyəcək. Heç bir qüvvə Azərbaycan xalqına qarşı soyqırım törətməyə cəsarət etməyəcək!

Xocalı soyqırımının acısı bütün azərbaycanlıları birləşdirən dəyərə çevrilib. Bu gün 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən Xocalı şəhərinin misli görünməmiş vandalizmə məruz qalmasından və xocalıların xüsusi amansızlıqla qətlə yetirilməsindən 32 il ötsə də, lakin xalqımız bu faciəni unutmur. Xocalı qurbanlarını daim sayğı ilə xatırlamaq hər birimizin vətəndaşlıq borcumuzdur. Xatırlamalıyıq ki, bu cür müsibətlər yenidən təkrarlanmasın.

Bu yaxınlarda Xocalıda tapılan kütləvi məzarlıq da onları daim xatırlamağımızla bərabər, həm də bu faciənin dünyaya çatdırılmasında, erməni faşizminin ifşa olunmasında səylərimizi dayandırmamaq üçün çağırışdır. Mən əminəm ki, Xocalıda tezliklə memorial kompleksi də ucaldılacaq və oradakı xatirə lövhəsində günahsız Xocalı qurbanlarının, Xocalı uğrunda şəhid olan fədailərimizin adları qeyd olunacaq. Həmin abidə bütün azərbaycanlıların ziyarət yerinə çevriləcək. Xocalı qurbanlarının tükürpərdən harayı erməni cəlladlarını daim lənətləyəcək.

Allah Xocalı qurbanlarına və bütün şəhidlərimizə rəhmət eləsin.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »