Siyasi cığallıq

0

Təəssüf ki, müasir cəmiyyətlərdə “cığallıq” kifayət qədər yayılmış sosial təzahürdür. Yəqin ki, məktəb illərində hər kəs cığallıq halları ilə daha çox rastlaşıb. Soruşa bilərsiniz ki, niyə məhz məktəb illərində? Cavab əslində üzdədir. Məktəb lokal mikrocəmiyyət olduğu üçün bəzi şagirdlər özlərini müəyyən səbəblərdən daha əmin və rahat hiss edirlər. Obyektivlik naminə qeyd edək ki, bu cür halların mənşəyi həm obyektiv, həm subyektiv xarakterli ola bilər. Adətən cığallıq edənlər məhz bu cür şagirdlər olurlar. Onlar alışıblar ki, cığallıq və şıltaqlıqları bağışlanacaq, bəzi hallarda isə ümumiyyətlə onların bu cür hərəkətləri diqqətdən kənar qalacaq. Qalmaqallı situasiyaları təhrik etmək, dava etmədən davaya səbəbkar olmaq, istehzalı atmacaları səsləndirmək, açıq və ya gizli şəkildə şagirdlərin sinifdəki statuslarını müəyyən etmək və bu kimi digər əməllər adətən məhz həmin “cığallar” tərəfindən edilir. Məktəbin rəhbərliyi zəif və iradəsiz olduğu təqdirdə isə bu cür ilk baxışdan ziyansız hallar daha sonra neqativ tendensiyaların yaranmasına və gənclərin ictimai şüurunda yanlış stereotiplərin formalaşmasına gətirib çıxara bilir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər politoloq Asif Adilin “Siyasi cığallıq” sərlövhəli məqaləsində yer alıb.

Müasir beynəlxalq münasibətlər sistemində həmin “cığallığı” özünə icazə verə biləcək xüsusi statuslu şagird ABŞ-dır. Beynəlxalq münasibətlər sistemində məktəb direktoru rolunu oynayan zəif beynəlxalq təşkilatlar artıq “ərköyün şagird” olan ABŞ-ın cığallığını dayandırmaq iqtidarında deyil. Hollivudun metod və prinsiplərinə uyğun fəaliyyət göstərən Ağ evin siyasi texnoloqları isə həmin “ərköyün şagird”in şıltaqlıq və cığallığı ətrafında siyasi şou yaradır, edilən “şıltaqlığı” dünyaya “demokratiya məhsulu” kimi sırımağa çalışırlar.

Sıravi vətəndaş mütləq olaraq müasir siyasi münasibətlərinin bu cür reallıqlarını bilməlidir ki, müxtəlif manipulyasiyalarının qurbanına çevrilməsin. Məlumatsızlıq siyasətdə, xüsusilə də böyük siyasətdə, əksər hallarda həqiqətlərin təhrif olunması və yanlış stereotiplərin formalaşmasının səbəbi olur. Qeyd olunanlar müstəvisində Ağ evin növbəti “cığallığı” diqqət çəkməyə bilməzdi.

Belə ki, ABŞ Prezidenti Co Bayden rusiyalı müxalifət lideri hesab olunan Aleksey Navalnının həyat yoldaşı Yuliya və qızı Daria ilə görüşüb, habelə bu barədə “X” sosial platformasında paylaşım edib. Mövcud halda siyasi cığallığı görmək üçün sadəcə bir sualın verilməsi yetərlidir: Niyə ABŞ lideri bu cür görüşü faciə baş verməkdən öncə təşkil etməmişdir?

Bu suala cavab axtarışı bizi qaçılmaz olaraq Ağ evin növbəti “siyasi cığallığı”na işarə edən amillərə aparıb çıxarır: Navalnının ölümü Ağ evin maraqlarına cavab verir, çünki manipulyasiyalar üçün əlavə imkanlar yaranır. Həmçinin Co Baydenin birpərdəli tamaşa təşkil etməsi və sosial şəbəkələrdə bir neçə min layk toplamaq üçün sözügedən insidentin baş verməsi labüd idi. Bundan başqa, hadisənin baş verməsi ABŞ-ın dünyada “demokratiya” uğrunda mübarizənin gücləndirilməsi üçün növbəti bəhanədir. Eləcə də hadisə ətrafında manipulyasiyaların artırılması üçün yeni informasiya dalğalarının yaradılması zərurəti. Bu hadisə eyni zamanda ABŞ Prezidentinin aşağı düşən reytinqini bərpa etmək və Ağ evin bütün məzlumların yanında dayandığını nümayiş etdirmək üçün lazım idi.

Həqiqətdə isə digər ölkələrin uğursuz təcrübəsindən gözəl bilirik ki, kənar müdaxilələr dövlət və cəmiyyət üçün hansı ağır faciələrlə nəticələnir. “Super güc” iddiasında olan bir ölkənin “siyasi cığallığı” sadəcə məktəbli uşağın şıltaqlığı deyil. Bu cür cığallıq beynəlxalq münasibətlər sisteminin ənənəvi və oturuşmuş qaydalarını pozur, habelə sistemi iflic edir.

Qeyd olunanlar müstəvisində heç də təsadüfi və təəccüblü deyil ki, bizim siyasətciklərimiz də Rusiyada baş vermiş hadisədən əxlaq və mənəviyyatdan çox uzaq formada faydalanmaq istəyirlər. Əslində isə cəmiyyət bilməlidir ki, onların bu cəhdləri sadəcə Ağ evin siyasi şoularının davamıdır. Sözügedən insidentdən Ağ evin yaratmaq istədiyi siyasi “dalğalar” vətənşivənlərin qeyd olunan cəhdlərində də inkişaf etdirilir. Bilməliyik ki, ucuz və ədalətdən uzaq bu cür cığallıqların (manipulyasiyaların) səbəbi yalnız şəxsi maraqlardır, xalqın və dövlətin rifahı deyil. Qərəzli mülahizələrdən sığortalanmaq üçün onu da qeyd edək ki, məsələyə bu cür yanaşmanın səbəbi hər hansı bir tərəfin müdafiə olunması deyil. Hər bir vətənpərvər vətəndaşın yalnız bir tərəfi ola bilər o da ki, milli maraqlardır. Biz beynəlxalq münasibətlərinin bu cür xüsusiyyətlərini bilməliyik ki, digərlərin oyunlarında sadəcə məqsədə çatmaq vasitəyə çevrilməyək.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »