Böyük Britaniyanın baş naziri Rişi Sunak daxili işlər naziri Suella Bravermanı vəzifəsindən azad edib.
İctimai Rəy xarici agentliklərə istinadən xəbər verir ki, xarici işlər naziri Ceyms Kleverli Daxili İşlər Nazirliyinin yeni rəhbəri təyin edilib.
Əvəzində Devid Kemeron Britaniya Xarici İşlər Nazirliyinə rəhbərlik edəcək.
Bravermanın vəzifəsindən azad edilməsi ötən şənbə günü Londonda Fələstin tərəfdarlarının yürüşü zamanı polisin fəaliyyətini tənqid etməsindən qısa müddət sonra baş verib. Aksiyadan sonra Braverman “Times” qəzetində hüquq-mühafizə orqanlarının hərəkətlərini “ikili standartlar” deyə səciyyələndirib. Nazirin fikrincə, polis bəzi nümayişlərdə iştirakçıların hərəkətlərinə sərt reaksiya verir, digərlərinə isə, o cümlədən Fələstin tərəfdarlarına daha yumşaq cavab verir. Braverman belə bir yanaşmanın polisin tənqidlərə məruz qalmaq qorxusu ilə bağlı ola biləcəyini irəli sürüb.
Keçmiş nazir bildirib ki, fələstinlilərə dəstək yürüşlərinin bəzi təşkilatçılarının HƏMAS radikal qruplaşması ilə əlaqələri var. Britaniya mediasının məlumatına görə, Braverman “Times” üçün yazdığı mətni hökumətlə razılaşdırmayıb. Baş nazir Sunak nazirdən mətndə dəyişiklik etməyi xahiş etsə də, sonuncu buna məhəl qoymayıb.\\musavat.com\\