Rusiya Prezidenti Administrasiyası 2024-cü ilin martında keçiriləcək prezident seçkilərində Vladimir Putinin namizədliyini irəli sürmək üçün təşəbbüs qrupunun tərkibini hazırlayıb.
İctimai Rəy xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Məlumata əsasən, Putinin təşəbbüs qrupuna Ukraynadakı hərbi əməliyyatlarla bağlı olan şəxslər də daxil ola bilər. Mümkün iştirakçılar arasında “Kommersant”ın rejissoru Nikita Mixalkov, məşhur uşaq həkimi Leonid Roşal, müğənni Şaman (Yaroslav Dronov), Donbas “Sparta” batalyonunun komandiri və qondarma “Donetsk Xalq Respublikası” “parlamentinin” “spikeri” Artyom Çoqunun adları çəkilir. Bundan əlavə, “Kommersant”ın mənbələrinə görə, ilk növbədə, imicində heç bir mənfi cəhət olmayan şəxslər təşəbbüs qrupuna namizəd kimi qəbul ediləcək.
Putin ilk dəfə 2000-ci ildə prezident seçilib. 2000, 2004 və 2018-ci illərdə o, özünün namizədliyi ilə seçkilərdə iştirak edib. Yalnız 2012-ci ildə Vladimir Putin hakimiyyətdə olan partiyadan namizəd kimi seçkilərdə iştirak edib. Rusiyada növbəti prezident seçkilərinin 2024-cü il martın 17-də keçirilməsi planlaşdırılır.
Noyabrın 6-da “Reuters” agentliyi adı açıqlanmayan 6 mənbəyə istinadən Putinin prezidentliyə namizəd olmaq qərarına gəldiyini xəbər edib. Martda keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıq elan edən ilk siyasətçi Sağ Qüvvələr İttifaqından Dövlət Dumasının keçmiş deputatı, Dolqoprudnıy Deputatlar Şurasının üzvü, 60 yaşlı Boris Nadejdin olub.\\musavat.com\\