Bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ: 300 manat cərimə oluna bilərsiniz

0

Bu yaxınlarda istifadəyə verilən Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolu ilə bağlı sürücüləri düşündürən bir məqam da yolda sürət həddidir. Hazırda yolun maksimal sürət həddi 110 km/saatdır. Lakin bəzi insanlar düşünür ki, magistral yoldur, pul vermişəm, yolda sürət daha yüksək olmalıdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə qeyd edib ki, Azərbaycandakı yollarda sürət həddi ilə bağlı qanunvericilikdə dəqiq məlumatlar var.

“Qanunvericiliyə görə, Azərbaycanda magistral yollarda maksimal sürət 110 km/saat təyin olunub. Yeni istifadəyə verilmiş Bakı-Quba ödənişli avtomobil yolunda da eyni sürət həddi nəzərdə tutulub. Sadəcə olaraq yol yeni istifadəyə verildiyi üçün radar yoxdur. Lakin ehtiyac yarandığı zaman aidiyyəti qurumlar tərəfindən müvafiq ərazilərdə (hansı tərəfdə məsləhətdirsə) quraşdırıla bilər. Bu, o demək deyil ki, yolda sürət limiti yoxdur. Həmçinin radarın quraşdırılmaması sürücülərin nəzərdə tutulan sürət həddindən yuxarı nəqliyyat vasitəsini idarə edə biləcəklərinə şərait yaratmır. Ələt-Astara magistral yolu da yeni istifadəyə verilən zaman radarlar lazımi hissələrə sonradan quraşdırıldı. Bakı-Quba ödənişli avtomobil yolunun da yeni olduğunu nəzərə alsaq radarın olmaması qəbulolunan haldır. Yoldan istifadə edən şəxslərin qovşaqlara qalxmaq, daxil olmaq üçün sürət limiti 90 km/saat olaraq tənzimlənib. İddianı irəli sürənlər nəzərə almalıdır ki, limitsiz yolda avtomobili yüksək sürətlə idarə edən sürücü anidən sürəti aşağı sala bilməz”.

İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunur. Müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə isə 300 manat məbləğində cərimə cəzası tətbiq edilir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Azərbaycanda müxtəlif kateqoriyalı yollar var və onların da sürət parametrləri var.

“Azərbaycanda ən sürətli yollar 1b kateqoriyasına uyğundur. Ölkəmizdə sürətli yol praktikası 2008-ci ildən tətbiq olunmağa başlayıb. Çünki sürətli yollar həmin illərdən tikilməyə başladı.

Bəzi insanların pullu yolda sürət həddinin artırılması haqqında fikri anlaşılmazdır. Belə ki, hər sürət parametrinə uyğun onun həlləri də əlavə xərc tələb edir. Belə ki, hər sürətin əlavə təhlükəsizlik tədbirləri görülməlidir. Hər yolun öz quruluşu və investisiyası fərqlidir. Düşünürəm ki, ölkəmizdə 110 km/saat-dan artıq sürətli yola hələlik ehtiyac yoxdur. Ölkəmizdə 110 km/saat-lıq yolların tikintisi tamamlansın. Ümumiyyətlə, belə yollar yaşayış məntəqələrindən çıxarılsın. Bizdə M1 və M3 magistralı belə tikilib. Lakin M2-də bəzi sahələr yaşayış məntəqələrinin içindən keçir”.

Ekspert əlavə edib ki, sürətli yollarda sürücüləri narahat edən sürətin tez-tez dəyişməsidir.

“Sürət rejimi bir rejimdə olsa, sürücülərin çoxu üçün bu problem olmaz. Sürətli yollar yaşayış məntəqələrindən keçirsə, bu yolun yanında ikizolaqlı yan yollar olmalıdır. Belə yolların sürəti az olmalıdır. Ümumiyyətlə, dünya praktikasından götürsən, pullu yolun pulsuz və eyni keyfiyyətdə alternativi olmalıdır. Lakin alternativ yolun sürəti az olmalıdır”, – deyə o qeyd edib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi magistral yolunun tikintisi AAYDA-nın nəzarəti altında 5 hissə üzrə həyata keçirilib. Yolboyu 40 yol ötürücüsü və körpü, 52 alt keçid, 6 ödəmə və yükə nəzarət məntəqəsi, 2 mindən çox yol nişanı və məlumat lövhəsi quraşdırılıb. Həmçinin, hər hansı maneənin yola çıxmasının qarşısını almaq üçün tədbirlər görülüb. Yeni yol mövcud yoldan 13 kilometr qısadır.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »