Gənclərə örnək – Cəsur döyüşçü, vətənpərvər, müəllim, məktəb direktoru…

0

Azərbaycan xalqı, özünün tarixi, maddi-mədəni abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqi mədəniyyəti ilə həmişə fəxr etdiyi kimi, tarixini yaradan şəxsiyyətlərə, Vətənin azadlığı naminə canını fəda edən oğul və qızları ilə də haqlı olaraq öyünür.

Son dövlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycan, doğrudan da, qəhrəmanlar diyarı, igidlər və cəsurlar məskənidir. Xalqımızın igid oğulları, mərd qızları heç vaxt Vətəni darda qoymayıb, doğma od-ocaq, torpağı uğrunda canlarından keçiblər.

Hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir. Azərbaycan üçün yaşayan, ərazi bütövlüyümüz üçün canından keçən, mərdliklə vuruşan igidlərimizi unutmuruq, unutmayacağıq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnəkdir. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır.

Şabran rayon 1 saylı tam orta məktəbin direktoru Fikrət Şamxalov da belə qəhrəmanlardan biridir, onunla öyünməyə, fəxr etməyə dəyər.

O, 1983-cü ildə Şabran şəhərində doğulub. Milli qəhrəman Roman Yusifovun adını daşıyan məktəbə gedib. Müəllimlərin verdiyi hər tapşırığı vaxtlı-vaxtında yerinə yetirib. Çox sevdiyi fənləri xüsusi həvəslə oxuyub, məsələn, Azərbaycan dili və ədəbiyyat, insan və cəmiyyət, fizika, tarix. Çünki həmin fənlərdən dərs deyən müəllimlərini çox sevib. Azərbaycan dili və ədəbiyyatdan dərs deyən müəlliminə olan sevgisi, sadəcə fənni yox, müəllimliyi də sevdirib ona. O da Bakı Dövlət Universitetinin filologiya fakültəsini seçərək müəllim olmağa qərar verib. 2004-cü ildə təyinatla Şabran rayonunun ucqar Çayqaraqaşlı kənd əsas məktəbinə (hazırda ümumi orta məktəb) Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunub. İki il dərs deyəndən sonra həqiqi hərbi xidmətə çağırılıb. Ailədə tək oğul övladıdır. 2004-cü ildə valideynləri ikinci qrup əlil olan tək oğulları hərbi xidmətə aparmırdılar. Həqiqi hərbi xidmətə yalnız 2006-cı ildə bu qərar ləğv edildikdən sonra gedib. 3 aylıq zabit kursu keçərək leytenant rütbəsi alıb və quru qoşunlarında motoatıcı taqım komandiri olaraq xidmətə başlayıb.

2008-ci ilin aprelinədək Murovdağda hərbi xidmət keçən leytenant F.Şamxalov atəşkəsi pozan düşmənin cavabını gecikdirməyib. Müddət başa çatanda isə məktəbinə qayıdıb.

Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində döyüşlərdə iştirak edərək fərqlənib. “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” və 3-cü dərəcəli “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Direktorluq təcrübəsi də elə o vaxtdan başlayıb. Hərbi xidmətdən qayıdan Fikrət Şamxalova məktəb direktorluğu təklif edilib. 2008-2009-cu tədris ilinə Xəlilli kənd ümumi orta məktəbin direktoru olaraq başlayıb. 2010-cu ildə direktorların işə qəbulu müsabiqəsində iştirak edərək burada da bacarığını təsdiq edib və 25 mümkün baldan 21 bal toplayaraq Çölquşçu kənd orta məktəbinə direktor təyin olunub. Bir il sonra Şabran şəhər 3 nömrəli ümumi orta məktəbinin direktorluğuna yerdəyişmə edib.

2012-ci ilin dekabrında Şabran Rayon Təhsil Şöbəsində aparıcı məsləhətçi vəzifəsinə dəvət edilib. Direktorluq vəzifə olaraq daha üstün olsa da, dövlət qulluğunda da özünü sınamaq istəyib. Dövlət qulluğuna imtahan verib və qəbul olunub. Aparıcı məsləhətçi vəzifəsində 4 il çalışıb. Artıq həm də dövlət qulluqçusuydu və Təhsil nazirinin əmri ilə 2016-cı ilin yanvarında Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbinə direktor təyin olunub.

2021-ci ildə “Azərbaycan müəllimi” qəzetində qəhrəmanımız Fikrət Şamxalov haqqında yazılanlardan:

“Vətən müharibəsi qəhrəmanı Fikrət Şamxalov müharibənin ilk günlərindən düşmənə qarşı ön cəbhədə yerini alıb. Qürurverici bir tarixin yazılmasında iştirak edib.

Vətəndən çağırış alanda Fikrət Şamxalov çətin və şərəfli bir yola getdiyini bilirdi: “Ailəmdən ayrılanda bunu onlara da dedim. Hər şeyə hazırlıqlıydım. Onlar da hazır olmalıydılar. Çünki müharibədə ölüm gözlə-qaş arasındadır. Vətən üçün bu müharibə də qaçılmaz idi”.

Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin direktoru Fikrət müəllim ailəsi ilə vidalaşıb getdiyi bu yoldan qəhrəman kimi qayıtdı. Düzdü, asan olmadı. Dəfələrlə pusquya düşdü, çıxdı. Çətin vəziyyətlərdə qaldı, xilas olmağın bir yolunu tapdı. İstənilən vəziyyətdə gələcəkdən ümidini kəsmədi, yaşamaqdan əlini üzmədi. Hər çıxılmaz yolun sonundakı işığı gördü.

Qanın su yerinə axdığı, dəhşətin qulaq pərdələrini araladığı o mühitdə də sevinmək, öyünmək üçün səbəb tapdı: “Müharibədə ən sevincli, ən qürurverici anlarımız düşmən postuna girdiyimiz anlar olurdu. Elə ki,düşmən səngərinə girdik, hər çətinliyimizi unudurduq. Növbəti tapşırığa qədər həmin səngərdə qalır, elə orada dincəlirdik”.

Müharibə Fikrət müəllim üçün də fərqli mühit idi: “Müharibə adi həyatımızdan tamamilə fərqlidir. Hər dəfə döyüşə qüsul alıb, kəlmeyi-şəhadətimizi deyib gedirdik. Döyüşün xüsusiyyəti budur: insan özünü unudur. Ancaq yaralı və şəhid yoldaşlarımızı düşünürdük. Savaş əsnasında onları meydandan çıxarmağı, qələbə zamanı isə hər birini aramızda görməyi arzulayırdıq. Hər döyüşdən sağ qayıdanda dünyaya yenidən gəlmiş kimi hiss edirdik”.

Müharibə insanı ölümə nə qədər çox yaxınlaşdırsa da, ondan qaça bilənlər də az deyil. Bu müharibədə Fikrət müəllim də üzərinə böyük məsuliyyət düşənlərdən idi. “Taqıma cavabdeh idim. Az itki ilə verilən tapşırığı yerinə yetirmək kimi məsuliyyətim vardı”, – deyir taqım komandiri Fikrət Şamxalov. O yalnız düşmən tələlərini deyil, ölümün qurduğu pusqulardan da qorumalıydı. Özü də təkcə özünü yox, əmrində olan əsgərlərini də. Nə döyüş ruhumuza, nə də döyüşçü sədaqətimizə heç bir çətinlik təsir etmədi. Yaralı və şəhidlərə qarşı vəzifəmizi heç vaxt unutmadıq. Onların döyüş bölgəsindən çıxarılması, hər hansı şəhidimizin meydanda qalmaması üçün əlimizdən gələni etdik. İndi də danışdıqca o günləri sanki yenidən yaşayıram”.

Taqım komandiri Fikrət Şamxalovun yaşadıqları nə bir zarafat, nə də film idi, bu, bir müharibəydi və o da həmin müharibənin iştirakçısı: “Sentyabrın 27-də leytenant Vasif Heydərov şəhid olmuşdu. Mən onun yerinə taqım komandiri təyin olundum. Müharibə bu cür acı dolu hadisələrdən ibarət olsa da, mənim üçün bu iştirak həm də qürurverici idi. “Həmlə” taboru ilə birgə döyüşlərdə iştirak etdim. Onlarla birgə xidmət etmək əvəzsiz hissdir. Mənim taqımım da general-mayor Mais Barxudarova tabe idi. O cür generalın əmri altında döyüşmək, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovla eyni tapşırığın icraçısı olmaq, peşəkar komandirlərlə döyüşmək, sözün əsl mənasında, fərqli hisslər yaradır”.

Belə bir heyətlə Azərbaycan Ordusu irəliləyir. Budur, artıq Qarabağ torpaqlarındadır. Ayaqları Qarabağ torpaqlarına dəyən Azərbaycan əsgərinin başı qürurdan göylərə ucaldı. Nə 30 illik həsrət, nə acılı günlər, nə də ac-susuz saatlar qaldı yaddaşlarda: “Qarabağ torpaqlarında olduğumuza inanmırdım. Şuşaya girəndə ağlımdan ancaq bir fikir keçirdi. Düşünürdüm ki, kaş şəhid olan zabit və əsgərlərimiz də bu günü görə biləydi”.

Hazırda işinin başında olan F.Şamxalovun məktəb rəhbəri kimi çoxlu planları var. Belə ki, Vətən müharibəsində iştirakı müəllimlikdə və məktəb rəhbərliyindəki öncəliklərini dəyişdirib: “Məktəbdə ilk növbədə vətənpərvər yetişdirməliyik. Şagirdlərimizi, xüsusən oğlanları hansı fənni sevməyindən, gələcəyini necə görməyindən asılı olmayaraq hərbi xidmətə hazırlamalı, onlara müharibədə ən çox lazım olanları öyrətməliyik. Əsgər koordinat verməyi bacarmalı, qütbləri tanımalı, məsafəni müəyyənləşdirə bilməlidir. Ən önəmlisi, sağlam, fiziki cəhətdən güclü nəsil yetişməlidir. Hazırlığın, fiziki cəhətdən güclü olmağın üstünlükləri müharibədə daha aydın nəzərə çarpır. Kitab üzü açmamış gənclərin o od-alovun içərisində qəhrəmanlığının şahidi oldum”.

Bu gün müzəffər xalqın gəncləri məhz 44 günlük Vətən müharibəsində Fikrət Şamxalov kimi tarix yazan qəhrəmanlarımızdan örnək götürür, onların keçdiyi qısa, lakin şərəfli həyat yolunu özləri üçün nümunə hesab edirlər.

44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan xalqının dəmir yumruq kimi birləşməsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuzun əfsanəvi qəhrəmanlığı bütün dünyaya səs saldı. Bu tarixi hadisə, böyük Zəfər Azərbaycanın gücünün, qüdrətinin nümayişi oldu.

44 günlük Vətən müharibəsində əldə olunan qələbə bir daha Azərbaycan xalqının qəhrəman xalq olduğunu bütün dünyaya sübut etdi. Həmin müqəddəs döyüşlərdə Vətən, torpaq uğrunda düşmənlə üz-üzə gələnlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Azərbaycan xalqı bu gün gənclərimizlə qürur duyur. Bir sözlə, tarixi qələbənin əldə olunmasında Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşmış gənclik mühüm rol oynadı.

Bu gün Vətənini sevən, dövlətinə sonsuz sevgi ilə bağlı olan Fikrət Şamxalov kimi igid, vətənpərvər oğullar Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsi, əbədiliyi uğrunda mübarizə aparmağa hər an hazırdırlar.

Prezident İlham Əliyevin də söylədiyi kimi, bizim gənclər artıq müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər.

Yeri gəlmişkən, Fikrət Şamxalov təkcə 44 günlük müharibədə fədakarlıq, cəsurluq nümayiş etdirməyib. Hazırda çalışdığı sistemdə də uğurlara imza atıb.

F. Şamxalov özündə liderlik bacarıqlarını formalaşdırıb, güclü xarakterə və intellektual qabiliyyəti ilə seçilir. O, bilikli, eyni zamanda, məntiq, analiz, mövzu və problemlər üzərində fikri cəmləşdirə bilmək, rəy və düşüncələrini aydın ifadə etmək qabiliyyətinə, müşahidə və qəti qərarvermə bacarığına, idarəetmə qabiliyyətinə malikdir. İşində diqqətlidir, tələbkardır, əzmkardır.

 

Avrasiya.net 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »