Tezliklə İran Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsinə başlayacaq.
Trend xəbər verir ki, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian deyib.
Ə.Mehrabianın sözlərinə görə, Azərbaycan vasitəsi ilə Rusiya ilə elektrik mübadiləsi aparmaq daha sadədir.
Mehrabian əlavə edib ki, bir mərhələdə elektrik şəbəkələri sinxronlaşdırılıb. Lakin mühafizə relelərinin bir-biri ilə tənzimlənməsinə ehtiyac var.
İranlı nazir qeyd edib ki, hazırda İranda elektrik istehlakı gün ərzində 72,5 min meqavat saatdır. Bu istehlakın 30 min meqavatı soyuducu vasitələrə aiddir. Beləliklə, İran qış fəslində 30 min meqavata yaxın elektrik ixrac edə bilər.
“İranın elektrik şəbəkəsi Azərbaycan vasitəsi ilə Rusiyaya birləşərsə, İranda elektrik istehlakının pik vaxtının yayda, Rusiyada isə elektrik istehlakının pik vaxtının qışda olduğunu nəzərə alaraq İran yayda Rusiyadan elektrik idxal edə, qışda isə Rusiyaya elektrik ixrac edə bilər”, – deyə o qeyd edib.