Ukraynada son vəziyyət – Kiyevə hücumlar, üfüqdə sülh görünmür

0

Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərinə hücumları bu gecə də davam etdirib.

Modern.az xəbər verir ki, Ukrayna rəsmiləri hücumların İran istehsalı “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyini bildirib.

Kiyevin hərbi administrasiyasının məlumatına görə, son hücumda yalnız İran dronları iştirak edib və əvvəlki hücumlardan fərqli olaraq raketdən istifadə olunmayıb.

Ukrayna rəsmiləri bildiriblər ki, vurulan Rusiya PUA-larının dağıntıları çoxmərtəbəli yaşayış binasına düşüb və yanğın baş verib. Binanın iki yuxarı mərtəbəsi dağılıb. 1 nəfərin öldüyü, 4 nəfərin yaralandığı deyilir. Kiyev hərbi administrasiyasının rəhbəri Sergey Popkonun sözlərinə görə, dağıntılar altında hələ də insanlar ola bilər.

Ukrayna müdafiə qüvvələri Kiyevə hücumda istifadə edilən 20-dən çox pilotsuz uçan aparatını vurduqlarını açıqlayıb.

“Hücum kütləvi idi, müxtəlif istiqamətlərdən bir neçə dalğada olub”, – Popko bildirib.

Qeyd edək ki, Rusiya may ayında əsasən gecə saatlarında Kiyevə PUA və raketlərlə hücumları intensivləşdirib. Bu gün həyata keçirilən hücum may ayında sayca 17-ci hava hücumu olub.

Dünən isə Kiyevə iki dəfə hücum edilib. Rusiyanın RİA agentliyi ölkənin Müdafiə Nazirliyinə istinadən birdən çox aviabazanın vurulduğunu bildirib. Hərbi hədəfə dəyən ziyanı nadir hallarda etiraf edən Ukrayna tərəfi bəyan edib ki, bazar ertəsi qərbdə yerləşən Xmelnitski vilayətində uçuş-enmə zolağı zədələnib və beş təyyarə istismardan çıxarılıb. Digər aviabazalara dəyən zərəri Ukrayna tərəfi təsdiqləməyib.

Ukrayna rəsmiləri bazar və bazar ertəsi atılan PUA-ların və raketlərin əksəriyyətinin vurulduğunu bildirib, prezident Volodimir Zelenski ABŞ-ın tədarük etdiyi “Patriot” raket əleyhinə müdafiə sistemlərini tərifləyib.

“Ukraynalıların əlində olan “Patriot”lar istənilən Rusiya raketlərinin 100%-ni zərərsizləşdirməyi təmin etdikdə, terror məğlub olacaq”, – Zelenski bazar ertəsi gecə videomüraciətində deyib.

Ukrayna rəsmiləri Rusiyanın psixoloji müharibə apardığını düşünür. “Düşmən bu davamlı hücumlarla dinc əhalini dərin psixoloji gərginlikdə saxlamağa çalışır”, – Kiyev hərbi administrasiyasının rəhbəri Serhiy Popko deyib.

Baxmut cəbhəsində vəziyyət hələlik dəyişməyib. Ukrayna qüvvələrinin şərq qrupunun sözçüsü Sergey Çerevatının sözlərinə görə, şərq cəbhələrində Rusiya paraşütçüləri və motoatıcı birləşmələri Baxmut şəhərində “Vaqner” muzdlu birləşmələrini əvəz edir.

Sülh danışıqlarının bərpa edilməsində də heç bir irəliləyiş yoxdur. Rusiya Kiyevlə dayandırılmış sülh danışıqlarını bərpa etməyə açıq olduğunu iddia edir, Braziliya və Çinin vasitəçilik səylərini alqışlayır.

Lakin Zelenskinin baş diplomatik müşaviri İqor Jxovkva deyir ki, müharibəni bitirməyin yeganə yolu Rusiya qoşunlarının Ukraynadan tamamilə çıxarılmasını nəzərdə tutan sülh planıdır: “Ukraynadakı müharibədən danışarkən Braziliya sülh planı, Çin sülh planı, Cənubi Afrika sülh planı ola bilməz”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »