Bakı Mərkəzi Asiya ölkələri ilə əlaqələrə xüsusi önəm verir

0

Prezident İlham Əliyevin Tacikistan səfərinin ardınca Mərkəzi Asiyanın digər aparıcı ölkələrindən birinə – Qazaxıstana səfər etməsi bölgə ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Tacikistan və Qazaxıstan səfərləri dövlət başçımızın son iki-üç ildə Mərkəzi Asiya regionuna sayca 9-10-cu səfəri sayılır. Bu cür səfərlərin nəticəsində qarşılıqlı faydalı əlaqələr daha da genişlənir. Biz daha geniş perspektivlərin ortaya çıxdığını görürük.

Dövlət başçımızın bölgəyə intensiv səfərlərinin sayəsində Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əlaqələrin yeni mərhələyə yüksəlməsi müşahidə olunur. Heç kimə sirr deyil ki, bu gün dünyanın aparıcı güc mərkəzləri arasında Mərkəzi Asiya regionunda möhkəmlənmək uğrunda kəskin geosiyasi, geoiqtisadi mübarizə gedir. Başqa sözlə desək, indi bu regionun dünya gücləri üçün əhəmiyyəti əvvəlki illərlə müqayisədə ikiqat artıb. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin də bu prosesdə rolu az deyil. Mərkəzi Asiyanın əlverişli coğrafi-logistik mövqeyi və nəhəng iqtisadi potensialı dünya güclərinin nəzərində bölgənin cazibəliliyini gün-gündən artırır.

Lakin Mərkəzi Asiyada əsas söz sahibi və aparıcı aktorlardan biri olmaq haqqı hesab edirik ki, ilk növbədə məhz Türk Dövlətləri Təşkilatına (TDT) aiddir. TDT-nın Mərkəzi Asiyanın bu günü və gələcəyinə yön vermək missiyası isə heç şübhəsiz ki, ən çox Türkiyə və Azərbaycanın üzərinə düşür. Bölgə ölkələri ilə əlaqələrin genişləndirilməsi hazırda Azərbaycan üçün əsas prioritet istiqamətlərdən biri sayılır. İlham Əliyevin bölgəyə çoxsaylı səfərləri də rəsmi Bakının Mərkəzi Asiya ölkələri ilə əlaqələrə xüsusi önəm verdiyini göstərir.

Cənab Prezidentin Qazaxıstana səfəri zamanı keçirilən yüksək səviyyəli görüşlər və imzalanan sənədlər ikitərəfli əlaqələrin həm genişlənməsinə, həm də şaxələnməsinə təkan verəcək. Onu da nəzərə almalıyıq ki, Qazaxıstan Azərbaycanın ən yaxın müttəfiqlərindən biri sayılır və dövlət başçılarımız strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Hər iki ölkənin liderləri beynəlxalq platformalarda bir-birilərinin mövqeyini fəal surətdə dəstəkləyir.

Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Comərt Tokayevin peşəkar diplomat təcrübəsi də Azərbaycan-Qazaxıstan əlaqələrinin dərinləşməsində və eləcə də bütün türk dövlətlərinin bir-birinə yaxınlaşmasında mühüm rol oynayır. Bu baxımdan aprelin 10-da gerçəkləşən növbəti səfər iki ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldəcək və əməkdaşlıq imkanlarının artmasına əhəmiyyətli töhfə verəcək. Eyni soykökə malik olan qardaş ölkələrin əlaqələrinin genişləndirilməsi günün tələbidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »