Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında 15 mart tarixinin “Beynəlxalq İslamafobiya ilə Mübarizə Günü” olması barədə qətnamə qəbul edilmişdir.
Türkiyə və Pakistanın bu barədə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) adına təqdim etdiyi qətnamə layihəsi BMT-nin plenar iclasında qəbul edilib.
Qətnamədə insan hüquqlarına, müxtəlif din və inanclara hörmətə əsaslanan beynəlxalq səylərin gücləndirilməsi, tolerantlıq və sülh mədəniyyətinin və qlobal dialoqun təşviqi tələb olunur.
Həmçinin qətnamədə, dini etiqadı səbəbilə şəxslərə və məbədlərə qarşı işlənən hər cür zorakılıq hadisəsi pislənib.
Xatırladaq ki, avstraliyalı Brenton Harrison Tarrant Yeni Zelandiyanın Kraytsçerç şəhərində 2019-cu il martın 15-də “Nur” və “Linvud” məscidlərinə silahlı hücum etmişdi. Hücum vaxtı terrorçu avtomat silahla cümə namazı qılan möminlərə atəş açmış və törətdiyi əməli sosial şəbəkə təqibçilərinə izlətmişdi. Terror hadisəsi nəticəsində 51 namaz qılan günahsız insan şəhid olmuş, 49 nəfər isə yaralanmışdı.
Ötən il İslam Əməkdaşlıq Təşkilatı (İƏT), onlarla günahsız müsəlmanın qətlə yetirildiyi terror hadisəsinin il dönümündə bəyanat yayaraq 15 mart tarixinin “İslam düşmənçiliyinə qarşı beynəlxalq həmrəylik günü” elan edilməsi üçün BMT və digər beynəlxalq təşkilatlara müraciət etmişdi.