“Biz ABŞ və Cənubi Koreyanın hərbi təlimlərinə misli görünməmiş və qətiyyətli şəkildə cavab verəcəyik”.
Modern.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyindən bildirilib.
“Əgər ABŞ və Cənubi Koreya, necə deyərlər, bizim əsaslı qorxularla təcavüzkar müharibəyə hazırlıq hesab etdiyimiz hərbi təlimləri həyata keçirsələr, o zaman onlar görünməmiş, uzunmüddətli, qətiyyətli cavabla üzləşəcəklər”, – deyə bəyanatda vurğulanıb.
Həmçinin bəyanatda ABŞ və Cənubi Koreya “Koreya yarımadasında və regionda sülh və sabitliyi qəsdən pozan təhrikçilər” adlandırılıb.
“ABŞ BMT Təhlükəsizlik Şurasını KXDR-ə qarşı düşmənçilik siyasəti həyata keçirmək üçün qeyri-qanuni aparata çevirir. BMT Təhlükəsizlik Şurası ABŞ-ı izləməklə kifayətlənməyə davam edərsə və müşahidəçi mövqeyini dəyişmək iradəsi göstərməzsə, KXDR müntəzəm hərbi əməliyyatlardan kənar əlavə tədbirlər görəcək”, – deyə əlavə olunub.
Qeyd edək ki, ABŞ və Cənubi Koreya gələn həftə ABŞ nüvə qüvvələrinin performansını yaxşılaşdırmaq üçün komanda-qərargah təlimi keçirməyi planlaşdırır. Mart ayında bu ölkələr “Azadlıq Qalxanı” təlimlərinin keçirilməsi də nəzərdə tutulub.