Qırğızıstanın “Разумные Решения” Analitik Mərkəzinin (ANALYTICAL CENTRE “PRUDENT SOLUTIONS”) saytında Ermənistanın Azərbaycana qarşı “ekoloji terroru”ndan bəhs edən yazı dərc olunub.
Müəllif Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri, jurnalist Cavid Şahverdiyev yazıda qeyd edib ki, 1988-ci ildən başlayaraq ermənilər və onların havadarlarının Azərbaycana qarşı başlatdıqları müharibə şəhər və kəndlərin dağıdılmasına, dinc əhalinin soyqırımına, eyni zamanda, flora və faunanın məhvinə səbəb olub. Hərbi münaqişə və müharibə yalnız Azərbaycanın ərazisində getdiyindən atmosfer, su mənbələri və torpaqlarımız bioloji və kimyəvi çirklənməyə məruz qalıb. Ermənistan 30 ilə yaxındır ki, işğal etdiyi ərazilərin təbii sərvətlərinə və ətraf mühitə çox böyük bərpası mümkün olmayan ziyan vurub. Nəticədə Azərbaycanın bir zamanlar işğal olunan ərazilərinin təbii sərvətləri müxtəlif şirkətlər tərəfindən qanunsuz olaraq istismar edilərək talan edilib.
Müəllif daha sonra qeyd edib ki, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsinə səbəb oldu.
Azərbaycan həmişə beynəlxalq hüquqa istinad edib, irəli gələn tələblərin də Ermənistan tərəfindən yerinə yetirilməsini tələb edir. Amma bütün dünyanın gözü qarşısında baş verən hadisələr fonunda aydın olur ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına zidd olan əməlləri, təxribatları və ekoloji terrorizmi ilə bu öhdəliklərini yerinə yetirmir, əksinə vəziyyəti gərginləşdirmək və sülh sazişinin imzalanması prosesini ləngitmək üçün hər cür səy göstərir.
C.Şahverdiyev Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub. Yazıda aksiya iştirakçılarının tələbləri qeyd olunub. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa-Xankəndi yolunda son vəziyyətlə bağlı diplomatik nümayəndəliklərin rəhbərlərinə verdiyi məlumatlar da vurğulanıb.
Yazıda ermənilər tərəfindən “Qızılbulaq”, “Dəmirli” yataqlarının istismarından da söz açılıb.
Ermənistan qanunsuz iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur. Bu cür cinayətlər Ermənistanın hüquqi məsuliyyətinə səbəb olur. ATƏT-in, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP), Ətraf Mühit Proqramının (UNEP) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qəbul etdiyi hesabat və qətnamələrdə qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktlarına rast gəlinir. Bu cür faktları əks etdirən saysız-hesabsız qətnamələr, hesabatlar var. Əsas odur ki, onların kağız üzərində olması yox, həyata keçirilməsidir.
Müəllif sonda qeyd edib ki, Ermənistanın ətraf mühitə qarşı bu cür qəddar və qeyri-insani hərəkətləri beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilməli və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir.
Yazının tam mətni:
Проблема «экологического терроризма» со стороны Армении.