Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri çərçivəsində prezident Co Bayden və Konqres üzvləri ilə görüşü keçirilib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflər görüşdən sonra önəmli açıqlamalar veriblər.
“Burada olmaq mənim üçün xüsusi önəm daşıyır. Bütün çətinliklərə rəğmən Ukrayna ayaqdadır, yaşayır və Rusiyanı geri oturdur. Gələn il dönüş nöqtəsi olacaq. Buna görə də Avropa böyük zəfər çalıb. Rusiya tiranlığı nəzarəti itirib və bir daha bizə təsir edə bilməyəcək. Bu mübarizə uşaqlarımızın, nəvələrimizin necə bir dünyada yaşacağını təyin edəcək. Ukrayna təslim olmayacaq”, – Zelenski söyləyib.
O, Ukrayna əsgərləri Hitlerə qarşı mübarizə aparan ABŞ əsgərləri ilə müqayisə edib: “Rusiya və İran terror dövlətləridir. Rusiya özünə uyğun müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuza təhdid yaradan yüzlərlə dağıdıcı dron verib”.
Zelenski bildirib ki, Ukraynaya ayrılan yardımlar demokratiya və təhlükəsizliyə qoyulan investisiyadır.
Sonda Nensi Pelosi Konqresin binasında dalğalanmış ABŞ bayrağını Ukrayna prezidentinə hədiyyə edib.