İrəvanda etirazçılar Litva prezidenti Qitanas Nauseda ilə baş nazir Nikol Paşinyan arasında görüşdən narazılıqlarını bildirmək üçün, Ermənistan prezidentinin iqamətgahını mühasirəyə alıblar.
Bir aya yaxındır etiraz aksiyaları keçirən müxalifətçilər Litva prezidentinin kortejini qışqırıq və fit səsləri ilə qarşılayıblar. Nauseda maşından düşəndə yürüş iştirakçıları öz narazılıqlarını yüksək səslə bildirməyə başlayıblar: “Ayıb olsun!”, “Nikol satqındır”. Litva prezidenti isə onlara heç bir reaksiya verməyib.
Etirazçılar İrəvanın mərkəzində, Paşinyan və ABŞ-ın Ermənistandakı səfiri Lin Treysinin də qatılacağı demokratiya forumunun keçiriləcəyi “Marriott” otelini də mühasirəyə alıblar.
“Biz bura bəyan etməyə gəlmişik ki, ölkədə diktaturanın bərqərar olmasına yardım edən, bunu demokratik proses adlandıran şəxsin (ABŞ səfiri) Ermənistanda heç bir işi yoxdur. Gəldik ki, Nikol Paşinyanın Ermənistanda gücü yoxdur”, – aksiyanın təşkilatçılarından biri bildirib.
Xatırladaq ki, Ermənistanda aprelin 25-dən etiraz aksiyaları keçirilir. Müxalifətçilər Paşinyanın istefasını tələb edirlər. Etirazçıların fikrincə, indiki hakimiyyətin siyasəti ölkəni dövlətçiliyin itirilməsi ilə hədələyir və tanınmamış Dağlıq Qarabağ Respublikasının mövcudluğuna təhlükə yaradır.
Bundan əvvəl Litva prezidenti Qitanas Nauseda Ermənistana rəsmi səfərə gəlib. O, prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.