Avropa İttifaqı Rusiyaya qarşı altıncı sanksiyalar paketini təqdim edəcək. Yeni məhdudiyyətlər siyahısına yeni Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması daxildir.
İctimairey.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Xosep Borrell bildirib.
“SWIFT sistemindən ayrılan daha çox Rusiya bankı olacaq. Enerji sektorunda biz də Rusiya neftinin idxalına təsir edəcək tədbirlər axtarırıq”.
Hazırda Rusiyanın yeddi bankı SWIFT sistemindən ayrılıb: Otkritie, Sovcombank, Rossiya, VTB, Promsvyazbank, Novikombank və VEB.RF.
Bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirmişdi ki, Avropa İttifaqı dövlətləri Rusiya qazı və neftinin tədarükünə embarqo qoyulması məsələsində razılığa gələ bilmirlər.
Qeyd edilir ki, o, Rusiya Federasiyasından neft və qazın idxalına qadağa qoyulmasını nəzərdə tutan altıncı sanksiyalar paketinin qəbulu üçün konkret tarix açıqlamayıb. Borrell bildirib ki, hələlik konkret təkliflər yoxdur, yalnız bunun necə həyata keçiriləcəyi ilə bağlı variantlar var. Onun sözlərinə görə, bu məsələdə yekdil fikir yoxdur.
Bununla yanaşı, Borrell vurğulayıb ki, Rusiya neftdən qazdan çox pul alır, ona görə də bu konkret resursun idxalını qadağan etmək və ya məhdudlaşdırmaq vacibdir.