Azərbaycan rəqqasları Özbəkistanın qədim Xivə şəhərində keçirilən beynəlxalq “Ləzgi” rəqs festivalında – FOTO-çıxış ediblər
Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşəbbüsü, UNESCO-nun dəstəyi ilə qədim Xivə şəhərindəki məşhur “İçan-Kala” kompleksinin Köhnə Ark meydanında keçirilən “Ləzgi” beynəlxalq rəqs festivalının üçüncü günü Azərbaycan rəqqasları da çıxış edib
İctimairey.az xəbər verir ki, Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə festivalda ölkəmizi Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə rəqs qrupu təmsil edir.
Azərbaycanın rəqs qrupu bugünkü konsertdə “Cəngi” (solistlər Əməkdar artistlər Elnur Süleymanov və Nigar Şahmuradova), xalq rəqsi “Yüzbiri” (solist Əməkdar artist Günel Şeyxova), xalq rəqsi “Ay ləli” (solist Əməkdar artist Viktoriya Şahmuradova) və “Yallı” xalq rəqslərini ifa ediblər. Ansamblın baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.
Konsertdə Azərbaycanın Əməkdar artisti, tarzən Sahib Paşazadənin rəhbərliyi ilə Beynəlxalq Muğam Mərkəzinin musiqi qrupu da tamaşaçı kimi iştirak edib. Qrup bu festivala Özbəkistan Mədəniyyət Nazirliyinin dəvəti ilə qonaq kimi qatılıb.
Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs ansamblı aprelin 29-da axşam festivalın qala-konsert proqramında iştirak edəcək.
Festivala dünyanın 30 ölkəsindən gələn 200-ə yaxın rəqqas, musiqiçi, musiqi nəzəriyyəçisi, xoreoqraf qatılıb.
Festival aprelin 30-dək davam edəcək.Azərtac