Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibə ilə məhdudlaşmayacaq. O, digər ölkələri, NATO üzvlərini ələ keçirməyə cəhd edə bilər.
Axar.az xəbər verir ki, bu barədə amerikalı diplomat Robert Pirson deyib.
Onun sözlərinə görə, Putin Rusiya imperiyasının sərhədlərinə qayıtmağa çalışır:
“Bunun üçün o, bir sıra Avropa ölkələri üzərində nəzarətə nail olmalıdır. Putinin potensial qurbanları siyahısında təkcə Estoniya, Latviya və Litva deyil, Polşa, Slovakiya, Macarıstan, Bolqarıstan və Moldova da var. Putin sağ qalsa, Qərbdə Rusiyanın hərbi mövcudluğunu mümkün qədər artırmaq üçün əlindən gələni edəcək”.
Pirson qeyd edib ki, Putin Ukraynada dondurulmuş münaqişənin yaradılmasında maraqlıdır:
“NATO-nun əsas vəzifəsi Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatdıqdan sonra Avropa üçün yeni təhlükəsizlik sistemi barədə qərar qəbul etməkdir. Rusiyaya qarşı sanksiyalar Putini qoşunlarını Ukraynadan çıxarmağa sövq etməsə, ABŞ və ya Alyansın qələbəsi olmayacaq. Belə olan halda Avropa və ABŞ başa düşməlidir ki, müdafiədə oynamaq kifayət deyil”.