İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannaməsi qəbul edilib

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransın yekun bəyannamə qəbul edilib.

Bu barədə ictimairey.az “apa.az”a istinadən xəbər verir ki, sənəd konfransda keçirilən müzakirələrin nəticələrini və ortaq prioritetləri – etimadın möhkəmləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün səmərəli mexanizmlərin işlənib hazırlanması əks etdirir.

Bəyannamədə qeyd olunub ki, beynəlxalq konfransın iştirakçıları dövlətləri şəxslərin itkin düşməsinin qarşısının alınması, itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin axtarılması və taleyinin müəyyən edilməsi, habelə itkin şəxslərin ailələrinə onların taleyi barədə məlumat verilməsi üçün bütün zəruri tədbirləri görməyə, itkin düşmüş şəxslərin yerinin müəyyən edilməsi və eyniləşdirilməsi üçün əhəmiyyət kəsb edən bütün mövcud məlumatları, o cümlədən fərdi və kütləvi dəfn yerlərinə dair məlumatları paylaşmağa çağırır.

İnsan qalıqlarının təhlükəsiz, ləyaqətli və elmi cəhətdən əsaslandırılmış şəkildə çıxarılmasının, sənədləşdirilməsinin, eyniləşdirilməsinin və qaytarılmasının, habelə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün əhəmiyyət kəsb edən sənədlərin və sübutların qorunub saxlanılmasının vacibliyi vurğulanıb:

“Bir sıra ölkələrdə insan qalıqlarının eyniləşdirilməsi və onların ləyaqətli şəkildə dəfn edilməsinin təmin olunması istiqamətində müvafiq dövlət qurumlarının səylərini təqdir edirik.

Silahlı münaqişə ilə əlaqədar itkin düşdüyü barədə məlumat verilmiş şəxslərin ailələrinin öz yaxınlarının taleyi barədə məlumat almaq hüququnu bir daha təsdiq edirik.

Mina və digər partlayıcı sursatların axtarış və insan qalıqlarının çıxarılması üzrə səylərə maneə yarada bilməsindən narahatlığımızı ifadə edirik.

Dövlətləri, beynəlxalq və qeyri-hökumət təşkilatlarını ən yaxşı təcrübələrin mübadiləsi və texniki tövsiyələrin təqdim edilməsi, o cümlədən məhkəmə-tibbi ekspertiza və digər yeni yaranan texnologiyalardan istifadə etməklə, itkin düşmüş şəxslər məsələsinin həlli istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edirik.

Həmçinin beynəlxalq təşkilatlara, xüsusilə Birləşmiş Millətlər Təşkilatına, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslər məsələsinin xüsusi olaraq həlli məqsədilə müvafiq mexanizmin yaradılmasına şərait yaratmaqla bağlı çağırışımızı bir daha ifadə edir və bu məqsədlə BMT ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk.

Ailələr üçün cavabların əldə edilməsinə yönəlmiş təcrübə mübadiləsi, etimadın yaradılması və praktiki əməkdaşlığın inkişaf etdirilməsi baxımından getdikcə daha mühüm platformaya çevrilən İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqunun fəaliyyətini təqdir edirik”.

Bundan başqa, sənəddə konfransın təşkilinə və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində milli və beynəlxalq səylərin konstruktiv müzakirəsi üçün platforma yaradılmasına görə Azərbaycan Respublikasının Əsir, Girov və İtkin Düşmüş Şəxslər üzrə Dövlət Komissiyasına minnətdarlıq ifadə olunub.

Qeyd edək ki, tədbirin Proqramı 9 və 10 oktyabr tarixlərində Qarabağa səfərlə davam edəcək.

Konfransın tərkib hissəsi olan bu səfər münaqişənin humanitar fəsadlarını, axtarışların aparıldığı şəraiti, minalar və partlamamış hərbi sursatların yaratdığı çətinlikləri daha dərindən anlamağa imkan verəcək. Proqrama, həmçinin Xocalı Memorial Kompleksinə, Şuşa və Laçına səfərlər, azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə tanışlıq imkanı daxildir.

Comments are closed.

Tərcümə »