Silahlı Qüvvələrin Baş Klinik Hospitalının rüşvət almaqda təqsirli bilinən sabiq bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlu və hospitalın digər sabiq əməkdaşı Ağayev Hüseyn İlham oğlunun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İctimairey.az xəbər verir ki, iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, Vətən müharibəsi iştirakçısı olan hərbi qulluqçulara dövlət tərəfindən müəyyən edilən maddi təminatların ödənilməsinə görə bəzi vəzifəli şəxslərin rüşvət almalarına dair əldə olunan məlumatlar əsasında Xidmət tərəfindən kompleks araşdırma tədbirləri həyata keçirilib.
Faktla bağlı başlanılan cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.
Keçirilən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar.