Agentliyin maliyyə yardımı ilə həssas sosial qruplara aid vətəndaşlara tibbi, hüquqi və psixoloji xidmətlər…
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB 01.02.2022-ci il tarixindən 01.05.2022-ci il tarixinədək “Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili” adlı layihənin həyata keçirilməsinə başlayıb. Layihə zamanı bütün kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər aparılacaq, onlara psixoloji xidmət göstəriləcək, eləcə də onlarla maarifləndirmə işləri aparılacaq.
Bu gün – 16 fevral 2022-ci il tarixində “SƏS” İnformasiya Agentliyində bir çox dövlət təşkilatlarının iştirakı ilə layihənin təqdimatına həsr olunmuş Mətbuat Konfransı keçirildi. Mətbuat Konfransını giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Sədri və layihənin rəhbəri Tahir Xudiyev layihənin məqsədləri və görüləcək işlər barədə danışdı. O bildirdi ki, həssas sosial qruplara aid vətəndaşlar dövlət tərəfindən xüsusi hüquq və azadlıqlara malik olsalar da onların əksəriyyəti öz hüquqlarını bilmir. Bunu ofisdə fəaliyyət göstərən qaynar xəttə edilən zənglər, daxil olan məktublar sübüt edir. Odur ki, 3 ay davam edəcək layihə zamanı maarifləndirmə məqsədi ilə “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da nəşr edilib iştirakçılara paylanılacaq.
Çıxış edənlər – OMBUDSMAN Aparatının əməkdaşı Aytən Tanrıverdiyeva, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elnarə Əliyeva, Penitensiar Xidmətin nümayəndəsi Nofəl Əsədov, KUNGFU Federasiyasının prezidenti Davud Mahmudov əhalinin həssas sosial qruplarına aid olan vətəndaşların sosial problemlərinin həlli yolunda həyata keçirilən bu layihənin vacibliyindən danışdılar və layihənin icraçılarına uğurlar arzuladılar. Həmçinin lazim gələrsə, ictimai birliyin bu sahədə gördüyü işlərə təmsil etdikləri dövlət təşkilatları tərəfindən dəstək göstəriləcəyini də bildirdilər.
İctimai Birliyin İdarə Heyəti üzvləri – Xatirə Cabbarzadə, Zərnişan Azayeva, Sabir Musayev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Ağsaqqallar Şurasının üzvləri- Dilsuz İsmayılov və Nizami Əfəndiyev çıxış edrək, laynız layihə ərzində deyil, eləcə də layihədən kənar vaxtlarda da İctimai Birliyin əhalinin həssas sosial qruplarına aid olan vətəndaşlarına göstərdiyi tibbi, hüquqi və psixoloji köməkliklərdən danışdılar, həmçinin layihənin sonunda həmin kateqoriyalı insanların həyata adaptasiyası və reabilitasiyası ilə bağlı əlavə təkliflərin hazırlanaraq aidiyyəti dövlət qurumlarına təqdim ediləcəyini bildirdilər.
Tədbirdə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri Ülviyyə Usubova və Səmra Əliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Orxan Maşayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndəsi Ruhəngiz Qarayeva, QHT, KİV və ictimaiyyət nümayəndələri də iştirak edirdilər.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Məlahət Abdullayeva