ONLAYIN TƏLİM: Prokurorluq və daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsinə…

0

 Prokurorluq və daxili işlər orqanları əməkdaşları üçün narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar təşkil edilmiş təlim kursu uğurla başa çatmışdır. İctimairey.az  bu barədə xəbər verir.

Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkoman-lığa, narkotik-lərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir.

Hazırki dövrdə bütün sahələrdə olduğu kimi narkoman-lıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılmış, bunun üçün ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təsisatlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir.

Olduqca vacib olan bu sahədə hüquq mühafizə orqanları əməkdaşlarının peşə vərdişlərinin daha da inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir.

Bununla bağlı Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən təşkil edilən “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin tövsifinin, habelə bu qəbildən olan işlərin istintaqının hüquqi (maddi, prosessual) əsasları və qaydaları” mövzusunda təlim kursu uğurla yekunlaşmışdır.

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin aktuallığı və praktiki əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin səmərəli əməkdaşlığı çərçivəsində əldə edilmiş razılığa əsasən prokurorluq işçiləri ilə yanaşı təlimdə həmçinin daxili işlər orqanları əməkdaşları iştirak etmişlər.

Tədbirə təlimçi qismində Baş Prokurorluğun müvafiq struktur qurumlarının təcrübəli nümayəndələri, dinləyici qismində isə 21 rayonda (şəhərdə) xidmət edən 69-u prokurorluq və 40-ı daxili işlər orqanları əməkdaşı olmaqla, cəmi 109 nəfər cəlb edilmişdir.

Kurs üzrə tədris tədbirləri carı ilin fevral ayının 7-dən 11-dək dinləyiciləri iş yerindən ayırmadan, internet üzərindən ZOOM proqramı vasitəsilə distant formada və canlı vaxt rejimində həyata keçirilmiş, təlimlərdə təhlil materiallarından və müasir informasiya-kommunikasiya texnologiyalardan geniş istifadə olunmuşdur.

Kurs çərçivəsində dinləyicilərə “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı milli mübarizə strategiyası, bu sahədə olan problemlərin mahiyyəti və aktuallığı”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində Avropa Məhkəməsinin presedent hüququ”, “Xarici ölkələrin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə təcrübəsi”, “Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətlərinin tövsifi məsələləri və istintaq metodikası”, “Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə və ya qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə cinayətlərinin tövsifi məsələləri və istintaq metodikası”, “Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin aşkar edilməsi və açılması ilə əlaqədar əməliyyat-axtarış tədbirlərin növləri, xüsusiyyətləri, sənədləşdirilməsi qaydası, əməliyyat-axtarış fəaliyyəti nəticəsində toplanmış materialların sübutetmədə istifadəsi”, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının ölkəyə qanunsuz daxil olmasına və tranzitinə qarşı mübarizənin aktual problemləri, onların həlli yolları”, “Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə yol verilən tipik qanun pozuntuları, bu qəbildən olan cinayət işləri üzrə baxış, axtarış, şəxsi axtarış, götürmə, habelə digər istintaq hərəkətlərinin icrasının aktual problemləri” və sair mövzular üzrə PowerPoint proqramı vasitəsilə hazırlanmış təqdimatların müşayiəti ilə məşğələlər tədris edilmişdir.

Dinləyicilər məşğələlər zamanı tədris olunan materiallara maraq göstərmişlər, təlimçilərlə ünsiyyətdə aktiv olmuşlar, tədris edilmiş əksər məşğələlərin elektron mətni onlara təqdim edilmiş, kursun yekunu üzrə müzakirələr zamanı əldə etdikləri bilik və bacarıqlardan razı qaldıqlarını ifadə etmişlər.

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »