Dəbdəbəli və lüks həyat tərzi sürən, günlərini təmtəraqlı məclislərdə keçirən, bahalı avtomobilləri, geyimləri, aksesuarları ilə daim gündəmdə olan şou-biznes nümayəndələri bu dəfə cah-calallı həyatlarının görünməyən üzündən, borclarından və kreditlərindən danışıblar.
İctimairey.az xəbər verir ki, Xəzər TV-də yayımlanan “Şourum” verilişinə müsahibə verən məşhurlar müəyyən dövrlərdə 2 000 manatdan 70 000 manatadək kredit borclarının olduğunu bildiriblər.
Sənətçilərin kreditə götürdüyü əşyalar arasında bahalı avtomobillərdən tutmuş telefon və soyuducu kimi müxtəlif elektron avadanlıqlar da yer alıb.
Borclardan danışan Nadir Qafarzadə kreditli həyatdan qorxduğunu deyib:
“Mənim yaralı yerimdir, qorxuram. Son 10 ildir ki, kreditin nə olduğunu bilmirəm”.
Müğənni Hiss isə 5-6 il öncə rəfiqəsinin onun adına kredit götürdüyünü və ödəmədiyini deyib:
“Hamısını özüm ödəmişəm”.
Azərbaycanlı repçi Fərid Eminov (Qurd) 70 000 manat ipoteka kreditinin olduğunu deyib. Müğənni Sevda Yahyayeva da üç il maşınının kreditini ödədiyini deyib. Xalq artisti Natiq Şirinov bir sıra kreditlərinin olduğunu bildirib. Xalq artisti Niyaməddin Musayev isə kreditə götürdüyü mobil telefonunu qeyd edib.
Bəzi şou-biznes nümayəndələri isə kreditə üstünlük vermədiklərini deyiblər. Onlar arasında Xalq artisti Faiq Ağayev, o cümlədən “Avroviziya” təmsilçilərimizdən olan Səmra Rəhimli yer alıb.