Azərbaycanlılar Tiflisdə parlament önündə aksiya keçirdi

0

Gürcüstanın Saqareco bələdiyyəsinin Yormuğanlı kəndinin bir qrup sakini Tiflisdə parlament binası yaxınlığında aksiya keçirib.

İctimairey.az Report-a istinadla xəbər verir ki, onlar bu ilin yanvarın 4-dən itkin düşmüş həmkəndliləri, 42 yaşlı Nazim Nəbiyevin axtarışlarının bu günədək heç bir nəticə verməməsindən narazılıqlarını bildiriblər.

Yormuğanlı sakinləri parlamentin sədri Şalva Papuaşvili ilə görüş tələb ediblər.

Kənd ağsaqqalı Arzuman Abbasov Nazim Nəbiyevin qarət olunaraq qətlə yetirildiyini ehtimal etdiyini bildirib: “Bu günədək işin üstü açılmayıb. Təəssüflər olsun ki, Gürcüstanın Daxili İşlər Nazirliyi məsələyə laqeyd yanaşır”.

Aksiyada itkin düşmüş şəxsin həyat yoldaşı Kəmalə Nəbiyeva və bacısı Mehriban Nəbiyeva da iştirak edib. Onların sözlərinə görə, N.Nəbiyev 1 ay 20 gündür itkin düşüb, lakin indiyədək onun nə ölüsü, nə də dirisindən xəbər var.

Gürcüstan parlamentinin Saqareco rayonu üzrə majoritar deputatı David Sonqulaşvili bir neçə aksiyaçı ilə görüş keçirib. O, itkin düşmüş Yormuğanlı kənd sakini Nazim Nəbiyevin məsələsini diqqətə götürüb. Bu barədə parlament üzvü ilə görüşdən sonra kənd ağsaqqalı Arzuman Abbasov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, D.Sonqulaşvili hüquq-mühafizə orqanlarının Kaxeti bölgəsi üzrə rəhbər şəxslərini işin gedişatı barədə sorğu edəcək və kənd sakinlərinə məlumat çatdıracaq.

A.Abbasov deyib ki, həmkəndlisi tapılana qədər dinc aksiyalar davam etdiriləcək.

Xatırladaq ki, N.Nəbiyev yanvarın 4-də Qardabani bələdiyyəsinin Qaracala kəndinə gedib. O, mal-qara almaq üçün üzərində 32 min lari pulla Kaspi rayonuna yollanmağa hazırlaşırdı. Yaxınları onun itkin düşməsini pulla əlaqələndirirlər.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrumetmə maddəsi üzrə cinayət işi açılıb.

Yormuğanlı sakinləri fevralın 4-də kənddə analoji aksiya keçiriblər.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »