Ramiz Mehdiyev kimi adamların istefa vermələri də bir hiylə, bir siyasətdir.

0

Ramiz Mehdiyevin ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında vəzifəsindən istefa vermək niyyətinin olduğunu bəyan etməsinə, yaşla əlaqədar AMEA-dakı postunu tərk etməyə qərar verdiyini bildirməsinə ən çox sevinənlərdən biri də təbii ki, mən oldum. Çünki R.Mehdiyev Prezident Administrasiyasına rəhbərlik etdiyi dönəmdə sədri olduğum partiyaya ən çox təzyiq göstərən, süni problemlər yaradan bir nömrəli şəxs olub. Ramiz Mehdiyev və onun “yetirməsi” – Prezident Administrasiyasının ləğv olunmuş ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənov vaxtilə bir sıra partiyalar kimi, bizim partiyaya da ciddi əngəllər yaradan “duet” ortağı kimi yadda qalıblar. Bu baxımdan, AMEA prezidenti Ramiz Mehdiyevin dünən vəzifəsindən istefa verdiyini açıqlamasına sevinməyə haqqım çatır.

Ancaq bunun da fərqindəyəm ki, Ramiz Mehdiyev kimi adamların istefa vermələri də bir hiylə, bir siyasətdir. Belələri sadəcə yaş amilinə görə və yaxud, evdə oturub kitab yazmaq niyyətilə istefa vermirlər. Bu adamın istefası hələlik rəsmən təsdiqlənməyib. O, sadəcə istefa vermək niyyətinin olduğunu bəyan edib. Ramiz Mehdiyev istefa ərizəsini Prezidentə təqdim edəcək.Ümid edirik ki, Prezident İlham Əliyev onun istefa ərizəsini qəbul edəcək və bununla da Ramiz Mehdiyevin Akademiyadakı hökmranlığına son qoyulacaq.

Ancaq elə etmək lazımdır ki, bu adamın istefaya gedəndən sonra, ölkənin ictimai-siyasi proseslərinə təsir imkanları ümumiyyətlə minimallaşdırılsın. Çünki Ramiz Mehdiyevin “evdə oturub kitab yazmaq” adıyla yenə də bir işlər çevirəcəyi, altdan-altdan suyu bulandıracağı şəksizdir. “Beşinci kolon”un iri çaplı fiqurları heç vaxt boş-bekar otura bilmirlər.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »