Prokurorluq Yevlax rayonunda baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
“Fevralın 9-u saat 7 radələrində Yevlax rayonu, Hacıselli kənd sakinləri 1977-ci il təvəllüdlü Elnarə Qarayevanın yaşadığı evdə öldürülməsi və qonşusu 1959-cu il təvəllüdlü İldırım Qarayevin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İctimairey.az-a rayon Prokurorluğundan daxil olan məlumata görə, aparılan araşdırmalarla Elnarə Qarayevanın əri, 1974-cü il təvəllüdlü Mehdi Qarayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı odlu silahla atəş açaraq Elnarə Qarayevanı qəsdən öldürməsinə, qonşusu İldırım Qarayevə , xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.
Mehdi Qarayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.